Amerikalı diplomatlar Dəməşqə gəliblər

   Amerikalı diplomatlar Dəməşqə gəliblər
  20 Dekabr 2024    Oxunub:407
ABŞ-nin yüksək vəzifəli diplomatları Dəməşqdə Suriyanın keçid hökuməti ilə görüşlər keçirəcəklər.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, ABŞ-nin girovlar üzrə xüsusi elçisi Rocer Karstens və Suriya üzrə yeni təyin olunmuş baş mişavir Deniel Rubinşteyn prezident Bəşər Əsədin müxalifət qüvvələri tərəfindən devrilməsindən sonra Dəməşqə səfər edən ilk ABŞ diplomatlarıdır.

“Səfər Qərb hökumətlərinin tədricən “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə əlaqələr qurması, habelə onun “terror təşkilatı” statusunun ləğv edilməsi imkanlarının müzakirəsi fonunda baş verir. Görüşlər zamanı amerikalı rəsmilər HTŞ nümayəndələri ilə Vaşinqtonun Suriyada siyasi keçid prosesində görmək istədiyi azlıqların hüquqlarına hörmət də daxil olmaqla bir sıra prinsipləri müzakirə edəcəklər”, - agentlik yazır.

Məlumatda bildirilir ki, nümayəndə heyəti 2012-ci ilin avqustunda Suriyada əsir götürülən amerikalı jurnalist Ostin Tays və itkin düşmüş digər ABŞ vətəndaşları haqqında da məlumat əldə etməyə çalışacaq.

Xatırladaq ki, 2012-ci ildə Suriya ilə diplomatik əlaqələri kəsən ABŞ Dəməşqdəki səfirliyini bağlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   diplomatlar   Suriya  





Xəbər lenti