“Kölgə” nə vaxt çəkiləcək? Büdcəyə izafi gəlir daha sağlam mənbələrdən olmalıdır | TƏHLİL

      “Kölgə” nə vaxt çəkiləcək?    Büdcəyə izafi gəlir daha sağlam mənbələrdən olmalıdır    | TƏHLİL
  06 Aprel 2024    Oxunub:1788
Keçən il, yəni 2023-cü il ərzində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat vəsait daxil olub. Beşinci ildir ki, dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsait gəlir. Bu, ilk dəfə 2019-cu ildə qeydə alınmışdı. Həmin il Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdi.
2019-cu ildə ilk dəfə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfert 150 milyon manat azaldıldı. Eyni tendensiya sonrakı illərdə də davam edib. Bu, nəyin təzahürü və göstəricisidir?! Bir tərəfdən baxanda, ölkədə qeyri-rəsmi dövriyyənin və "kölgə iqtisadiyyatın" olmasının. Bəs əslində büdcəyə izafi gəlir hansı mənbəyə əsaslanmalıdır?

Dövlət xəzinəsinə proqnozdan artıq vəsait daxil olması aşağıdakılardan birinin göstəricisi hesab oluna bilər:
1.
İqtisadi artımın, yəni istehsalın artmasının (yeni istehsal və iş yerlərinin açılması, məşğulluğun genişlənməsi);
2. Əhalinin əmək haqlarının və gəlirlərinin artmasının;
3. İnflyasiyanın, qiymət artımı və bahalaşmanın;
4. Vergi və rüsumların azaldılması hesabına gəlirlərin leqallaşmasının;
5. “Kölgə iqtisadiyyatı”nın azalmasının və müxtəlif stimullaşdırıcı, yaxud inzibati metodların tətbiqinin.

Ümumiyyətlə, 2019-cu ildən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları qeyri-neft-qaz üzrə ÜDM-in nominal artım tempini üstələməkdədir. Bunun əsas səbəbinin şəffaflaşma olduğu göstərilir. Sual yaranır: iqtisadiyyatda qeyri-şəffaf hissənin və "kölgə iqtisadiyyatının" payı nə qədərmiş ki, beş ildir hər il milyarddan çox vəsait üzə çıxır?!
Qeyd edilən tendensiya iqtisadi artımın (istehsalın artmasının yeni istehsal və iş yerlərinin açılmasının, məşğulluğun genişlənməsinin, əhalinin əmək haqlarının yüksəlməsinin) hesabınadırmı? Xeyr. Bəli, dövlət büdcəsinə proqnozdan artıq gəlirlərin daxil olmasında iqtisadi artım rol oynaya bilərdi. Lakin...

2019-cu ildən bəri pandemiya ilini (2020-ci il) çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınır. 2019-da iqtisadiyyat 2,2% artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də bu rəqəm 5,6%-ə qalxmaqla, 2022-ci ildə 4,6%, ötən ilin yekununa isə 1,1% təşkil edib. Əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən, qeyri-neft-qaz üzrə özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub. Bütün bunlar çox yaxşı göstəricilərdir. Ancaq...

Artımın ölkədə məşğulluğu genişləndirməyə dəstək səviyyəsi ayrıca araşdırma tələb edir. Keçən il ölkədə orta aylıq əmək haqqı 11,2% artaraq, 933,8 manat təşkil edib. 2023-cü ildə orta aylıq əmək haqqındakı bu artım minimum əmək haqqının yüksəlməsi, həmçinin bəzi sektorlarda maaş artımları ilə bağlı olub.
Ümumən son beş ildə minimum əməkhaqqı 2,7, minimum pensiya 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artırılıb. Müstəqillik əldə etdiyimizdən bəri bu qədər artım qeydə alınmadığından, sözsüz, bu da ticarəti genişləndirib.

Lakin 2019-cu ildə 2,6%, 2020-də 2,8%, 2021-də 6,7%, 2022-ci ildə 13,9 faiz inflyasiya qeydə alınıb. Keçən il bu rəqəm 8,8% təşkil edib. Odur ki, 2021-ci ildən başlanan və 2022-ci ildə daha vüsətlə davam edən, keçən ilsə nisbətən səngiməyə meyl götürən qiymətlərin yüksəlişi və inflyasiya prosesi dövlət büdcəsinə əlavə daxilolmalarda əslində bundan da daha çox rol oynayıb desəm, yanılmaram.

Ümumiyyətlə, büdcəyə izafi gəlirlərin artması səbəbləri sırasında bilavasitə inflyasiya, qiymət artımı və bahalaşma amilinin rolu və təsiri üzərində dayansam bəlkə, daha asan izahat vermək olar. Sözügedən amilin yaratdığı effekti "sabun köpüyü" adlandırmaq daha dolğun xarakterizə sayılar. Ancaq vergi və rüsumların azaldılması hesabına mənfəətlərin leqallaşdırılması proseduru daha böyük rol oynadığından, belə dəyərləndirmə əhəmiyyətsizdir.

Odur ki, büdcəyə proqnozlaşdırılandan artıq vəsait daxilində ən başlıca rolu məhz “kölgə iqtisadiyyatı”nın həcminin azalması və müxtəlif stimullaşdırıcı, yaxud inzibati metodların genişlənməsi oynayır. Söhbət kütləvi xidmət və ticarət şəbəkələrində nəzarət-kassa-aparatlarının tətbiqinin genişlənməsi, ƏDV üzrə geriyə ödəniş kimi mexanizm və üsulların istifadəsi, ümumiyyətlə, nağdsız ödənişlərin getdikcə daha dərinə işləməsi kimi tendensiyaların inkişafından gedir.

Ancaq büdcəyə izafi gəlirlərin mənbəyini şəffaflaşma və ya “kölgə iqtisadiyyatı”nın əriməsi deyil, iqtisadi artım təşkil etsə bu, daha effektiv olardı. Çünki iqtisadi artım proqnozdan artıq gəlirlərin formalaşmasında ən sağlam mənbə hesab olunur.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Büdcə   İqtisadiyyat  





Xəbər lenti