Fransa Qafqazda yeni müharibə istəyir | Ədalət Verdiyevin şərhi

   Fransa Qafqazda yeni müharibə istəyir    | Ədalət Verdiyevin şərhi
  09 Fevral 2024    Oxunub:2476
Ədalət Verdiyev,
hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

Müstəmləkə altında saxladığı ölkələrin istismarı hesabına inkişafını təmin edən Fransa hazırda Makronun sayəsində dünyadakı nüfuzunu getdikcə itirməkdədir. Paris getdikcə daha yaxşı anlayır ki, müstəmləkəçilik siyasətini davam etdirmək getdikcə daha çətin olacaq. Burada Qoşulmama Hərəkatının, konkret olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin də rolu var.
Ona görə də Makron hökuməti Ermənistanda daha çox möhkəmlənməyə çalışır. Fransa neomüstəmləkəyə çevirmək üçün zəif və müqavimət göstərə bilməyəcək ölkələri seçir. Ermənistan bu baxımdan ideal variantdır. Digər tərəfdən, Fransa ilə daha da yaxınlaşmaq Ermənistanın baş naziri Paşinyanın da maraqlarına cavab verir.

Fransanın Ermənistana silah verməkdə məqsədi İrəvanı hələ ki bu yolla özündən asılı vəziyyətə salmaqdır. Həmin silahlar – “GM 200” radiolokasiya stsansiyası və “Mistral” daşınan zenit raket kompleksi heç də yaxşı ad çıxarmayıblar. Bir neçə ölkə, o cümlədən Ukrayna və Səudiyyə Ərəbistanı döyüş əməliyyatlarında bu vasitələrdən istifadə edib, lakin istənilən nəticəni almayıblar.

“GM-200” və bu nəsildən olan radarlar daha çox alüminium korpusa malik hava hücumu vasitələrini orta hündürlükdə aşkarlaya bilir. Müasir PUA-lar isə əsasən kompozit korpusa malikdir. Bu radarlardan istifadə edəcək heyətin hazırlanması və NATO standartlı kompleksin Ermənistanın KTMT-yə bağlı olan HHM sisteminə inteqrasiyası da xeyli vaxt tələb edir.

“Mistral” daşınan zenit raket kompleksləri 3 km.-ə qədər hündürlükdə uçan hava hədəflərini məhv edə bilir. Bu isə taktiki sinfə aid PUA-lar (məsələn, “Bayraktar TB2”) ilə mübarizə aparmağa imkan vermir. Başqa sözlə desək, Fransanın Ermənistana verdiyi 3 RLS və 10-15 DZRK Azərbaycan ilə güc balansına təsir etməyəcək. Ermənistan Vətən Müharibəsindən əvvəl bundan da üstün xüsusiyətlərə malik silahlara malik idi. Amma bu, onu Azərbaycanın qarşısında diz çökməkdən xilas edə bilmədi. Operativ taktiki raketlərlə nəticə əldə bilməyən Ermənistan daşınan zenit raketləri və ya müşahidə məqsədli radarlarla heç nəyə nail ola bilməz.

Əgər Fransa Ermənistan hücum silahları verərsə və bu silahlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təhdid yaradacaq məsafədə yerləşdirilərsə, o zaman Azərbaycan bu təhdidlərin harada yerləşməsindən asılı olmayaraq, onları aradan qaldırmaq üçün zəruri olan bütün addımları tərəddüd etmədən atacaq.

Parisin Ermənistana silah ixracı birmənalı olaraq Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir. Ermənistan Fransanın bu addımlarından cəsarətlənərək, hərbi təxribatları davam etdirir. Bu isə Azərbaycanı perventiv və ya cavab tədbirləri görməyə vadar edə bilər. Parisin məqsədi Rusiyanı Ermənistandan çıxarmaqla bərabər, bu zəlil ölkədə öz iştirakını təmin etmək, yeni toqquşmalara, hətta hərbi əməliyyatların bərpasına nail olmaqdan ibarətdir.

Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, Ermənistanı sülh danışıqlarını uzatmağa sövq edir. Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. Bu, birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik siyasətidir. Ermənistanın silahlandırılması regionda yeni qarşıdurma yaradacaq və bunun məsuliyyətini Fransa prezidenti Makron daşıyacaq.

Ermənistan bütün tarixi boyu başqalarının köməyi ilə silahlanıb, qonşularına qarşı alət kimi istifadə olunub, amma bu siyasət son 3 ildə İrəvana dərin məğlubiyyətlərdən başqa heç nə verməyib.


Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti