Nazirdən korrupsiya açıqlaması: “Mən nə deyə bilərəm axı?” - ÖZƏL

Nazirdən korrupsiya açıqlaması: “Mən nə deyə bilərəm axı?” - ÖZƏL
  03 İyun 2014    Oxunub:796
Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-də aşkar edilən 1 milyonluq korrupsiya ilə bağlı cinayət faktına münasibət bildirib.

AzVision.az-a açıqlamasında nazir bu barədə heç nə deyə bilməyəcəyini qeyd edib.

“Bu telefon söhbəti deyil. Siz korrupsiya ilə bağlı sual verirsiniz. Bununla bağlı telefonla mən nə deyə bilərəm? Gələrsiniz, müsahibə edərik. Bu barədə ətraflı danışarıq”.

Qeyd edək ki, Baş Prokurorluq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı növbəti məlumat yayıb.

Bildirilib ki, “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti