“Azərbaycanla strateji tərəfdaşlıq genişlənəcək” - İtaliyalı politoloq (Eksklüziv)

  “Azərbaycanla strateji tərəfdaşlıq genişlənəcək” -   İtaliyalı politoloq (Eksklüziv)
  20 May 2022    Oxunub:3145
“Ukrayna böhranı ilə bağlı bu gün İtaliyanın qarşısında Rusiya qazından asılılığı azaltmaq vəzifəsi durur. Bu da öz növbəsində Azərbaycan-İtaliya strateji tərəfdaşlığının genişlənəcəyi anlamına gəlir. İtaliyayaya Azərbaycanın simasında güclü, sabit və etibarlı Qafqaz dövləti ilə işgüzar əlaqələr saxlamaq lazımdır”.
Bu sözləri AzVision.az -a açıqlamasında italiyalı politoloq,"Roma La Sapienza" Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçelli deyib. O qeyd edib ki, hazırda Azərbaycan-İtaliya əlaqələri artan xətt üzrə inkişaf edir:

- Prioritet sənədlər arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannaməni xüsusi qeyd etmək vacibdir. İtalyan firmaları Azərbaycanda getdikcə daha çox fəaliyyət göstərirlər. Mnlərlə azərbaycanlı gənc təhsilin keyfiyyəti və münasib qiyməti ilə diqqət çəkən İtaliya universitetlərində oxumağa üstünlük verir.

- Avropa ölkələrinin Rusiya qazından asılılığı tədricən azaltdıqları bir şəraitdə İtaliyanın Azərbaycan qazı ilə bağlı bundan sonrakı niyyətləri nədən ibarətdir?

- Bu, uzun və çətin prosesdir. Rusiyadan qaz asılılığından qurtulmaq üçün 2-3 il lazım olacaq. Azərbaycan yeganə təchizatçı deyil – İtaliyanın strategiyası Əlcəzair, Anqola və digər ölkələrə də yönəlib. Ancaq Azərbaycan enerji resurslarının dünya bazarlarına ən sabit və etibarlı təchizatçılarından biridir. Söhbət təkcə iki hökumətdən deyil, həm də TAP-dan gedir. O qismən SOCAR və ya SNAM kimi dövlət şirkətlərinə aid olsa da, özəl qurumdur. Enerji siyasətində və daha geniş məna kəsb edən xarici siyasətdə dövlətlər yeganə oyunçu deyillər, odur ki, fərdi maraqlar da nəzərə alınmalıdır. Əgər TAP-ın bütün səhmdarları razılaşarsa, İtaliya və Azərbaycan Xəzər dənizindən qaz nəqlini ikiqat artırmağa çalışa bilər.

- İtaliyanın ətraf mühitin transformasiyası naziri Roberto Çinqolani bildirib ki, ölkə il yarım ərzində Rusiyadan qazı asılılığından qurtula bilər. İtaliya bu istiqamətdə hansı konkret addımlar atır?

- İtaliya enerji mənbələrinin şaxələndirilməsi üçün çoxölçülü strategiya tətbiq edir: müxtəlif təchizatçılardan qaz alışının artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı, yerli istehsalın artırılması, reqazifikator tikintisi və s. Son illərdə uğur qazanan bir çox hökumətlər arasında yüksək texniki təcrübəyə malik baş nazir Draqi kabinetinin bu çağırışa ən çox cavab verən hökumət olduğunu düşünürəm.

- Bundan əvvəl İtaliyanın xarici işlər naziri Luici Di Mayo İtaliyanın Ukraynaya hərbi yardım göstərməyəcəyini desə də, sonradan məlum oldu ki, Draqi hökuməti Ukrayna üçün yeni, güclü hərbi yardım paketi hazırlayır. Tam siyahı gizli saxlanır, lakin dəqiq məlumdur ki, paketə FH70 haubitsaları, minaatanlar, “Stinger”lər, pulemyotlar, “Lince” zirehli avtomobilləri, eləcə də sursatlar daxildir. İtaliya hakimiyyəti niyə qərarını dəyişdi?

- Təbii ki, İtaliyada Ukraynaya silah və müdafiə sistemlərinin verilməsinin mümkünlüyü ilə bağlı müzakirələr davam edir. Hətta Matteo Salvini liqası və “Beş ulduz Hərəkatı” (parlamentdəki ən böyük fraksiya) kimi hökumət qüvvələri yeni silahların tədarükünə və NATO-nun genişlənməsinə dəstək verilməsinə qarşı çıxırlar. Bununla belə, xarici işlər naziri Di Mayonun İtaliyanın Ukraynaya hərbi yardım etməyəcəyi barədə dəqiq bəyanatını xatırlamıram.

Etiraf etməliyəm ki, mən hərbi yardım məsələsini tam anlamıram və münaqişənin diplomatik yolla həllinə tərəfdaram. Amma İtaliya hökuməti hərbi yardım mövzusunda israrlıdır və İtaliya Parlamenti Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək üçün iki qanun layihəsini təsdiqləyib.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: İtaliya   Ukrayna  





Xəbər lenti