Azərbaycan-Türkiyə təlimləri niyə bu qədər ajiotaj doğurdu?

  10 Avqust 2020    Oxunub : 3121
Azərbaycan-Türkiyə təlimləri niyə bu qədər ajiotaj doğurdu?
Azərbaycanda Türkiyənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə keçirilən genişmiqyaslı təlimlər sona çatır. Artıq Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən təlimlərin uğurla təşkil olunduğunu demək olar. Nəinki Türkiyə və Azərbaycan ictimaiyyətinin, ümumilikdə regionun və dünyanın diqqətlə izlədiyi budəfəki birgə təlimləri əvvəlkilərdən fərqləndirən xeyli məqamlar oldu.
Bəzi mütəxəssislər Türkiyənin bölgədə səbəbsiz güc nümayiş etdirmədiyini deyərək, məhz Ermənistanın Tovuz kimi strateji rayonumuzda - sərhəd bölgəsində təxribat törətməsinin ardınca təlimlərin bu formada təşkilini təsadüfi saymırlar. Maraqlıdır, genişmiqyaslı birgə təlimlərdən Azərbaycanın qazancı nələr oldu? Ümumiyyətlə, əvvəlkilərdən fərqli olaraq budəfəki təlimlər niyə bu qədər ajiotaja səbəb oldu?

Birgə hərbi təlimlərin siyasi nəticələrini Azvision.az -a şərh edən “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu, Türkiyənin Cənubi Qafqazda var olmasının nümayişi idi:

“Türkiyə Azərbaycanla keçirilən genişmiqyaslı hərbi təlimlərlə işğalçı Ermənistana, Rusiyaya və ümumilikdə beynəlxalq aləmə qısa bir mesaj göndərdi. Yəni aşkar nümayiş etdirildi ki, artıq Türkiyə Cənubi Qafqazda da mövcuddur. Qardaş ölkə 15-20 il əvvəlin Türkiyəsi deyil. Bu, həm də onun nümayişi idi ki, türklər regionda baş verən proseslərə, Azərbaycan torpaqlarının işğalda saxlanılmasına seyrçi qalmayacaqlar”.



Rəsmi Ankaranın bölgənin əsas oyunçularından birinə çevrildiyini deyən Elxan Şahinoğlu Türkiyənin cümhuriyyət tarixində ilk dəfə olaraq üç ölkədə hərbi əməliyyatlar keçirdiyini xatırladıb. Bildirib ki, türklər Suriya, Liviya və İraqda öz təhlükəsizlik və milli maraqlarını qoruyublar: “Belə həssas dönəmlərdə Azərbaycan ordusu ilə keçirilən genişmiqyaslı birgə hərbi təlimlər birbaşa onun işarəsi oldu ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu arxa plana keçirməsinlər. Təsadüfi deyil ki, işğalçı dövlət olan Ermənistan bu dəfə sərhədimizdə təxribata əl atanda Türkiyə cümhurbaşkanı, Xarici İşlər və Müdafiə nazirləri də açıq şəkildə dedilər ki, Azərbaycanın hansı qərarı verməsindən asılı olmayaraq onların yanında olacağıq. Hətta rəsmi Bakı hərbi yolla torpaqlarını qaytarmaq istəsə, Türkiyə bu məsələdə də ölkəmizin yanında olub, aşkar dəstəyini göstərəcək. Bu isə beynəlxalq aləm və işğalçı Ermənistanın indiki rəhbərliyi üçün çox ciddi bir mesaj idi. Rusiya da bu amillə hesablaşmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, Rusiya Prezidenti Türkiyə cümhurbaşkanı ilə son telefon danışığında Türkiyənin Cənubi Qafqazdakı rolunu etiraf etdi. Bu isə çox önəmli məqamdır”.



Politoloq onu da qeyd edib ki, Azərbaycan ordusu və ümumilikdə ölkəmizin son təlimlərdən qazandığı təcrübələrin əhəmiyyəti böyükdür. Bu cür böyük hərbi təlimlər, birgə keçirilən hərbi tədbirlər indiki məqamda bizim üçün çox önəmlidir: “Əlbəttə, əvvəllər də Türkiyə ilə birgə hərbi təlimlər keçirilib. Amma bu qədər ajiotaj doğurmurdu. Ajiotaj iki səbəbdən yaranmışdı. Birincisi, yuxarıda da qeyd etdiyim kimi Türkiyənin bölgədə artan rolu amili var ki, bu da hərbi təlimlərin çəkisini artırdı. İkinci səbəb isə, sərhəd döyüşlərindən sonra Azərbaycan cəmiyyətində belə bir əhval-ruhiyyə yarandı ki, artıq danışıqlar fayda vermir. Sanki məsələni birdəfəlik həll etməyin əsl vaxtıdır fikri formalaşdı. Türkiyə ilə keçirilən genişmiqyaslı hərbi təlimlər belə təəssürat yaradırdı ki, gələcəkdə iki dost və qardaş ölkə problemi birgə, qısa zamanda həll edəcək. Çünki Türkiyədən bu yöndə çox ciddi və aşkar mesajlar göründü”.



Elxan Şahinoğlu məsələnin bir qədər dərininə gedərək hətta ölkəmizdə kiçik də olsa Türkiyə hərbi bazasının yaradılmasını vacib sayıb: “Mənim şəxsi fikrim və istəyim budur ki, hərbi əməkdaşlıq daha üst səviyyəyə qaldırılmalıdır. Düzdür, iki ölkə arasında hərbi anlaşmalar, saziş və ciddi əməkdaşlıqlar mövcuddur. İllər ərzində bu sazişlərə əsasən məlum təlimlər keçirilib. Amma əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq üçün Türkiyənin ölkəmizdə kiçik də olsa hərbi bazaları yaradılmalıdır. Sual oluna bilər ki, nəyə görə bizim üçün vacibdir?

Çünki 90-cı illərdə acı bir təcrübə yaşadıq. Torpaqlarımızı işğaldan azad etmək, gözlənilməz hücumların qarşısını almaq istəyəndə, bizə müxtəlif güclər, ayrı-ayrı siyasi mərkəzlər, şimallı cənublu fərqli dövlətlər tərəfindən problemlər yaşadıldı. Hətta daxildə də xaricdən idarə olunan çox ciddi təxribatların şahidi olduq. Biz nəinki əldə etdiyimiz, geri qaytardığımız torpaqları da itirdik, düşmən isə istədiyindən də artıq əraziləri işğal edə bildi. Bu acı təcrübədən çıxış edərək uzun illərdir deyirəm ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır”.



Ekspert hərbi bazaların önəmi ilə bağlı fikrini əsaslandıraraq deyib ki, Azərbaycan torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, arxadan kimsə bizə zərbə vura bilməyəcək: “Məsələn, Naxçıvan kimi strateji ərazimizdə qardaş ölkənin hərbi bazası olmalıdır ki, düşmən risk edib burada bizə problemlər yaratmasın. Hətta Abşeron kimi ərazidə Türkiyənin hərbi hava qüvvələrinin bazası olmalıdır, türklərin müasir təyyarələri burada yerləşdirilə bilər. Bu, bizim üçün çox vacibdir və bazalar gələcək təhlükəsizliyimizin təminatçısı rolunda çıxış edə bilər. Necə ki, hazırda işğalçı ölkə olan Ermənistanda düşünürlər ki, Rusiyanın məlum hərbi bazaları onlara təhlükəsizlik üçün təminatı verir, eynilə Türkiyənin də Azərbaycanda hərbi varlığı bizim təhlükəsizliyimizin qarantı rolunu oynaya bilər. Bu, o demək deyil ki, türk ordusu burada yerləşməklə problemlərimizi bizim əvəzimizdən həll etməlidir. Qətiyyən belə anlaşılmamalıdır. Ordumuz həqiqətən də ilbəil xeyli öz gücünü artırır. Bunu ayrı-ayrı beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesabatlarında da görmüşük, keçirdiyimiz hərbi əməliyyatlar və təlimlərdə də bunun şahidi olmuşuq. Sadəcə olaraq dəstək lazımdır ki, sabah ərazilərimizi azad etməyə qalxanda, bütün gücümüzü ön cəbhəyə sərf edəndə ən azından arxa cəbhədəki təhlükəsizliyimizdən arxayın olaq. Əmin olmalıyıq ki, çətin günlərdə kimsə bizə 90-cı illərdə olduğu kimi arxadan zərbə vurmayacaq. Belə olan təqdirdə həqiqətən də biz Qarabağ istiqamətində işimizi rahat və effektiv görə biləcəyik”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Türkiyə   Təlim