"ASAN xidmət"də 100-dən artıq şəxsə ovçuluq bileti verilib

  08 Noyabr 2019    Oxunub : 923
"ASAN xidmət"də 100-dən artıq şəxsə ovçuluq bileti verilib
2 ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, xarici ölkələrin vətəndaşlarına ovçuluq biletlərinin verilməsi hələ ki, nəzərdə tutulmur: "Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə ov icazələri ilə bağlı vətəndaş birbaşa yaşadığı regional idarələrə müraciət etməlidir. "Vətəndaş ovçuluq biletini təqdim edir və icazə alır. Amma onların qiyməti heyvan və quşun növündən asılı olaraq fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarına görə, orada hər bir quşun, heyvanın ödəmə əmsalı var. Yəni quşun hətta növündən asılı olaraq hər bir quşun, heyvanın ayrılıqda öz qiyməti var".

H.Əlizadə xarici ölkələrdən gələn ovçuların müxtəlif cihazlardan istifadə etdiklərini bildirib: "Bu qurğular quşları yığmaq üçündür. Səslə quşları çağırırlar və ovlayırlar. Qanunsuz ov edənlərə 1000 manatdan 2000 manatadək cərimə nəzərdə tutulub. Amma istər yerli, istər xarici vətəndaşlara cərimə ovladıqları quş və heyvandan asılı olaraq hesablanır. Belə ki, ovçu 2000 manatdan əlavə, nə qədər ov ovlayıbsa, onun cəriməsi də ödənir. Əgər şəxsin təbiətə dəyən zərərinin məbləği 400 manatdan çox olsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılacaq. Cinayət Məcəlləsinə əsasən şəxsin 2 ilə qədər həbs cəzası nəzərdə tutulur".

Atən Zəhra
Azvision.az

Teqlər: ASAN-Xidmət   Ovçuluq-bileti