23183 mənzilin olduğu binaların istismarına icazə verildi
Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilmişdir. Komitə tərəfindən verilmiş 134 icazə ümumilikdə 349 girişli çoxmənzilli binaları və cəmi 23183 mənzili əhatə edir.
Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünədək verdiyi 134 istismara icazə 23183 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.
Azvision.az