Qap-qarayev Tural: O, əslində kimdir?

  18 Aprel 2019    Oxunub : 15346
 Qap-qarayev Tural: O, əslində kimdir?
Bir neçə gün öncə Tural Qarayev adlı şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının qızına qarşı zorakılıq edib. Zorakılığı törədən şəxs barədə polisə şikayət daxil olduqdan sonra məsələ araşdırılıb və Tural Qarayev saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.
Göründüyü kimi, ortada siyasi cinayət yoxdur. Sadəcə, inzibati xəta törədilib və şəxs buna görə mütləq cəza alacaq. Ancaq bir kəsim “müxalif” düşüncəli adamlar hadisəni siyasiləşdirməyə, guya həmin şəxsin Yeni Azərbaycan Partiyasının üzvü olduğunu qabartmağa çalışırlar. Həmin şəxsin YAP üzvü olmasını da şəxsi profilində qeyd etdiyi məlumatlardan götürüblər. Gəlin birlikdə həmin şəxsin profil məlumatlarına baxaq.



Bu adamın yazdıqlarına inansaq, siyasi fəaliyyətinə Müsavatdan başlayıb. Sonra “D-18” hərəkatına keçib. Ardınca ReAl hərəkatına qoşulub. Burada da sabit əqidə sahibi olmayıb və Ümid Partiyasına üz tutub. Nəhayət, gəlib Yeni Azərbaycan partiyasına üzv olub. Yəni bu şəxsin YAP-çı olduğu iddiasının mənbəyinə əsaslansaq, adamın müxalifət düşərgəsində gəzmədiyi kol dibi qalmayıb. Bu, necə YAP-çıdır görəsən?! Ümumiyyətlə, belə şəxsin profilində göstərdiyi məlumatlara inanmağa dəyərmi?



T.Qarayevin YAP-çı olduğu iddia edənlərin digər istinad mənbələri həmin şəxsin Ulu Öndər Heydər Əliyevin məzarı qarşısında çəkdirdiyi şəkildir. Göründüyü kimi, adamın Əbülfəz Elçibəyin məzarı önündə və Məmməd Əmin Rəsulzadənin heykəli qarşısında şəkilləri də var. İndi biri çıxıb deyə bilməzmi ki, Tural Qarayev cəbhəçi, ya Müsavatçıdır? Əlbəttə, deyə bilər.



Bu məqam çox gülməlidir. Deməli, Tural Qarayevin YAP-çı olduğu iddia edilir, amma onun profilində müxalif düşüncəli insanlarla çəkdirdiyi şəkillər çoxluq təşkil edir. Soldan sağa - Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli, “Azadlıq” qəzetinin yazarı, Əli Kərimlinin qatı fanatı Səadət Cahangir və sabiq daxili işlər naziri İsgəndər Həmidov.



Son bir məqama da diqqət edək. Əgər bu adam YAP-çıdırsa, nə üçün partiyanın keçirdiyi tədbirlərdə çəkilən şəkilləri yoxdur? Burada da iddialar puç olur. Çünki T.Qarayevin siyasi məzmunlu şəkilləri əsasən müxalifət partiyaların qərargahında çəkilib. İddialarını ifşa edən, başqa fakt lazımdır?



Ümumiləşdirsək, T.Qarayev siyasi əqidəsi kasad, səbatsız, nə istədiyini özü də bilməyən, sərsəri bir tipajdır. Bəlkə də YAP-ın burada yeganə səhvi o ola bilər ki, belə insanı heç bir halda üzvlüyə qəbul etməməli idi. Hərçənd, onun rəsmən YAP üzvü olması da ən azı şübhəlidir.



Bir sualla bu şəxsin YAP-çı olduğuna dair sərsəm iddialarına son qoyaq. Bu adam "Öztürk" partiyasının sədridirsə, necə ola bilər ki, eyni anda həm də YAP üzvü olsun? Böyük ehtimalla, bu adam sadəcə, şarlatan və psixi problemi olan biridir.



Hakimiyyəti tənqid etmək istəyənlər gələcəkdə yaxşı olar ki, hər yersiz, mənasız, axmaq faktdan saman çöpü kimi yapışmasınlar. Çünki o çöp çox tez qırılacaq, yapışanlar isə qərq olacaqlar. Bu məsələdə olduğu kimi.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Tural-Qarayev