Prezident: “Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”

  20 Mart 2019    Oxunub : 1109
 Prezident: “Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”
"Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Dövlət başçısı bildirib ki, hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır:

"Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir. Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev