Tanışını öldürən şəxs saxlanılıb

   Tanışını öldürən şəxs saxlanılıb
  27 Aprel 2024    Oxunub:1343
Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.
AzVision.az Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadən xəbər verir ki, Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Həmçinin onun ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb.

İş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər: hadisə   cinayət  





Xəbər lenti