Düşmən may ayında atəşkəsi 2902 dəfə pozub

Düşmən may ayında atəşkəsi 2902 dəfə pozub
  31 May 2018    Oxunub:2521
Ermənistan silahlı qüvvələri may ayında atəşkəs rejimini 2902 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, may ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar. Müdafiə Nazirliyin açıqlamasında qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılıb.

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub. Xəsarət alan olmasa da kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmənin növbəti təxribatının qarşısını alarkən Adil Əli oğlu Tatarov şəhid olub. Şəhid əsgər ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Atəşkəs   May   Təxribat  





Xəbər lenti