“Elə etməliyik ki, bir dənə də problem olmasın” - İlham Əliyev
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Prezident bildirib ki, son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb: "Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk. Digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq. Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Müşavirə Bərdə