Azərbaycanlı deputatlar Rusiyadakı seçkiləri izləyəcək

Azərbaycanlı deputatlar Rusiyadakı seçkiləri izləyəcək
  15 Mart 2018    Oxunub:1389
Milli Məclisin bir qrup deputatı Rusiyada keçiriləcək prezident seçkilərinin gedişini izləmək üçün martın 16-dan etibarən bu ölkənin müxtəlif şəhərlərinə səfər edəcək.
Bu barədə AzVision.az-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclis sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov və deputat Rauf Əliyev paytaxt Moskvada, deputat Elmira Axundova isə Sankt-Peterburqda MDB PA-nın xətti ilə seçki prosesini izləyəcək.

Parlamentin komitə sədri Əli Hüseynli MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, deputat Sabir Hacıyev isə Milli Məclisin xətti ilə Rusiya paytaxtında prezident seçkilərinin gedişini müşahidə edəcək.

Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

AzVision.az


Teqlər: Milli-Məclis   Deputat   Rusiya   Seçki  





Xəbər lenti