Prezidentdən qadınlara 8 Mart təbriki
Dövlətimizin başçısı vurğulayır ki, yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirib, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanıb və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olublar.
“Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz”, - deyə Prezident təbrikdə qeyd edir.
AzVision.az
Teqlər: İlham-Əliyev 8-Mart Prezident Təbrik