Narkoloji Mərkəzdəki yanğınla bağlı yeni detallar üzə çıxa bilər
Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycan son illərin ən böyük faciəsinə səbəb olan şəxsi hansı cəzanın gözləməsi və cinayətin detalları maraq kəsb edir.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlum hadisənin hüquqi tərəfini AzVision.az-a şərh edib, cinayətkara veriləcək cəzadan söz açıb.
“Məlum olduğu kimi, həmin şəxs yorğanı yandırıb, onu söndürməyib və qapı açılan kimi oranı tərk edib. Yanğın zamanı mərkəzdə bir çoxları köməksiz, yatmış vəziyyətdə olublar. Onun törətdiyi yanğın nəticəsində dispanserə məxsus olan bütün əmlak yanıb. Şəxsin alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu var. Amma bu əməli etdiyi zaman anlaqlı vəziyyətdə olub. Çünki ailə üzvlərinin acığına bunu etdiyini deyib. Həmçinin yanğını söndürə bilmədiyini görüb və oranı şüurlu şəkildə tərk edib. Onun törətdiyi hadisə nəticəsində xeyli insan yanaraq ölüb. Sözsüz ki, təhqiqat nəticəsində digər detallar ortaya çıxacaq. Həmin şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin olunacaq. Hadisəni törədən zaman anlaqlı olub-olmaması ilə bağlı rəy veriləcək. Şəxsin barəsində istintaq işi aparılacaq. Ola bilər ki, digərləri də burada iştirak edib. Hələki bu məsələ ilə bağlı istintaq gedir. Yeni hallar, epizodlar, şəxslər meydana çıxa bilər. Ortada çoxlu sayda insanın ölməsi faktı var. Sona qədər bu ittihamlar həmin şəxsin üzərində qalacaqsa, gələcəkdə məhkəmə prosesinin gedişində bu ittihamlar təsdiq olunarsa, ona cinayətlərin məcmusu formasında cəza təyin olunacaq. Bütün bunlar təsdiqini taparsa, istisna etmirəm ki, ömürlük azadlıqdan məhrumetmə cəzası veriləcək” -Ə.Nuriyev qeyd edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Narkoloji-Mərkəz Yanğın