Təhsil ekspertinin sensasion iddiasına rəsmi reaksiya

Təhsil ekspertinin sensasion iddiasına rəsmi reaksiya
  31 Mart 2017    Oxunub:2283
Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdlərin 90 faizindən çoxunun "Riyaziyyat" fənnindən “2” alması ilə bağlı təhsil eksperti Əsədovun sensasion hesab olunan açıqlamasına münasibət bildirib.

DİM-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanların I mərhələsinin nəticələri haqda ümumi fikir söyləmək hələlik mümkün deyil və imtahan cavablarının yoxlanılması davam edir.

Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi martın 5, 12 və 18-də orta ümumtəhsil müəssisələrində ümumi orta təhsil bazasında təhsilalanların yekun qiymətləndirmə (attestasiya) imtahanlarının birinci mərhələsini keçirib.

“Hal-hazırda imtahan cavablarının yoxlanılması davam edir. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən əvvəlcədən elan edildiyi kimi nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək açıqlanması nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi keçirildikdən sonra nəticələrin necə olmasından asılı olmayaraq iştirakçıların topladığı ümumi bal (maksimal toplanıla biləcək bal 100 baldır) onların dövlət təhsil sənədinə (attestatına) yazılacaq”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edən şagirdlərin 90 faizinin "Riyaziyyat"dan “2” qiyməti aldığını bildirib. O, hətta imtahan nəticələrinin ləğv edilməsinin mümkünlüyünü də vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   İmtahan   Şagird  





Xəbər lenti