Prezident baş katib və naziri qəbul etdi

Prezident baş katib və naziri qəbul etdi
  27 Yanvar 2017    Oxunub:1812
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
AzVision.az xəbər verir ki, Dövlət başçısı Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlət başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan gömrük sisteminin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını deyərək ölkədə regional gömrük strukturlarının, o cümlədən tədris mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd edib. Kunio Mikuriya bu sahəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizdə gömrük sahəsində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edərək Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda konfransın əhəmiyyətini vurğulayıb. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Ukraynanın sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Ölkəmizin bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını deyən Andrey Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda sosial təminat sahəsində işlərin uğurla davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını dedi. Sosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirdi.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



AzVision.az


Teqlər:  





Xəbər lenti