"Azərbaycan parlamenti Ağsaqqallar Şurasına çevrilməməlidir" - Deputat

 "Azərbaycan parlamenti Ağsaqqallar Şurasına çevrilməməlidir" -  Deputat
  15 May 2024    Oxunub:836
Bir müddətdir ki, Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər gəzir. İddia olunur ki, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Belə ki, yaşı 70-i ötmüş köhnə deputatlar mandatları ilə vidalaşacaq.
Milli Məclisin yaşı 70-i ötmüş deputatı Elman Məmmədov AzVision.az -a bildirib ki, dövlətin bütün qurumlarında gənc kadrlara yer verilməlidir, o cümlədən də parlamentdə:

"Bu, normal bir haldır. Demokratik seçkidir. Azərbaycan vətəndaşı özünün konstitusiya hüquqlarından istifadə edərək namizədliyini irəli sürür. Qalır seçicilərin, xalqın kimə etimad göstərməyi. Bu gün Azərbaycan parlamentində etimadı doğruldan kifayət qədər gənclər təmsil olunur. Biz bununla fəxr edirik.



Gənclik gələcəyimizdir, inkişaf etməlidir. Dövlətimiz də gənclərin qayğısına qalır. Mən istəmirəm ki, Azərbaycan parlamenti Ağsaqqallar Şurasından ibarət olsun. Gənclərə də kifayət qədər yer verilməsinin tərəfdarıyam".

Deputat Tahir Rzayev isə bildirib ki, keçən seçkilərdə də yaşlıların sıradan çıxarılması, boykot olunması barədə təzadlı fikirlər var idi:

"Yayılan belə xəbərlərlə insanları qarşı-qarşıya qoymağa, təbəqələşmə yaratmağa çalışırlar. Bu, düzgün fikir deyil. Xalqın kimi seçəcəyini, kimə etimad edəcəyini bilmək olmaz. Bu gün parlamentdə həm yaşlılara, həm də gənclərə yer olmalıdır. Çünki gənclər yaşlıların təcrübəsindən öyrənməlidirlər. Mükəmməl siyasətçi olmaq üçün təcrübəli şəxlərin yanında olmalıdırlar. Xarici ölkələrin parlamentində bu gün yaşı doxsana çatan insanlar da var ki, 40-45 il parlamentdə fəaliyyət göstəriblər".



"Bizim parlamentdə əlbəttə ki, yaşlı deputatlar var. Onların zəngin təcrübələri, Azərbaycanda, beynəlxalq aləmdə böyük nüfuzu var. Əhliman Əmiraslanov kimi alimimiz, Ziyad Səmədzadə kimi iqtisadçımız, Nizami Cəfərov kimi çox böyük dilçi alimimiz parlamentdə təmsil olunur. Bu insanlar məgər Azərbaycan elminə azmı töhfə veriblər? Bu gün də öz fəaliyyətləri ilə bir nümunədirlər".

Həmidə İbrahimova


AzVision.az





Teqlər:





Xəbər lenti