Putin: “Biz Ukrayna ilə danışıqlara hazırıq, amma...

   Putin: “Biz Ukrayna ilə    danışıqlara hazırıq, amma...   ”
  15 May 2024    Oxunub:746
Rusiya prezidenti Vladimir Putin Moskvanın “münaqişənin sülh yolu ilə həlli” üçün Ukrayna üzrə dialoqa açıq olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Vladimir Putin Çinin “Sinxua” agentliyinə müsahibəsində bildirib ki, danışıqlarda Rusiyanın maraqları nəzərə alınmalı, qlobal sabitlik və təhlükəsizliyin etibarlı təminatı müzakirə edilməlidir.

“Biz bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini istəyirik və Ukrayna ilə dialoqa açığıq. Danışıqlarda münaqişədə iştirak edən bütün ölkələrin, o cümlədən Rusiyanın maraqları nəzərə alınmalıdır” , - Rusiya prezidenti deyib.

Bu baxımdan, qlobal sabitlik həm qarşı tərəf, həm də təbii ki, Rusiya üçün təhlükəsizlik təminatları haqqında ciddi söhbətlə yanaşı, etibarlı təminat rolunu oynamalıdır. Lakin Putin belə təminatlarla bağlı Qərbin etibarlılığı məsələsində problemlərin mövcud olduğunu söyləyib.

- Əsas problem isə məhz hər hansı təminatların etibarlılığı məsələsidir. Çünki biz hakim dairələrinin beynəlxalq hüquqa deyil, daim haqqında danışdıqları, lakin heç kimin görmədiyi və razılaşmadığı “qaydalara əsaslanan dünya nizamın”a üstünlük verən dövlətlərlə rastlaşırıq. Həmin qaydalar isə siyasi konyunkturadan və onu uyduranların maraqlarından asılı olaraq dəyişdirilir” , - Putin vurğulayıb.

Rusiya rəhbəri Moskvanın nəinki danışıqlara hazır olduğunu, hətta vaxtı ilə apardığını da xatırladıb. 2022-ci ilin aprelində İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri Kiyevin tələblərini, o cümlədən Ukraynanın gələcəkdə təhlükəsizliyinin təminatı şərtini nəzərə alaraq gələcək sülh sazişinin layihəsini hazırladılar. Lakin Ukrayna tərəfi sülh sazişi imzalamaq əvəzinə gözlənilmədən danışıqların dayandırıldığını açıqladı. Putin qeyd edib ki, buna baxmayaraq, Moskva heç vaxt danışıqlardan imtina etməyib.

Lakin cəbhədə yaşanan qanlı hadisələr tərəflərin danışıqlar barədə belə tezliklə razılığa gələcəyini şübhə altına alır. Son bir neçə həftədə Ukraynanın Xarkov vilayətinin sərhədyanı rayonlarında davam edən döyüşlərdə Rusiya ordusu müəyyən qədər irəliləyə bilib. Ukrayna hakimiyyəti bu ərazidə vəziyyətin ağır olduğunu etiraf edir.

Ukraynanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov isə əlavə Ukrayna bölmələrinin yerləşdirilməsi və onların müdafiə əməliyyatlarına başlamasından sonra Xarkov vilayətində vəziyyətin sabitləşməyə başladığını iddia edib.

Amerikanın Müharibənin Tədqiqatı İnstitutunun (ISW) hesabatında da son sutkada Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempinin aşağı düşdüyü və rus qoşunlarının hücum fəaliyyətinin xarakterinin rusların prioritetinin Xarkov vilayətinə daha dərindən nüfuz etməkdənsə, sərhəd bölgəsində bufer zona yaratmaq olduğu qiymətləndirməsinə uyğun gəldiyi bildirilir.

İnstitutun ekspertlərinin fikrincə, hücumun tempi nisbətən aşağı səviyyədə qalsa, Rusiya qüvvələri çox güman ki, burada irəliləməkdənsə, yeni mövqelərin möhkəmləndirilməsinə və sərhəd bölgəsində bufer zonanın yaradılmasına diqqət yetirəcək.

Bu reallıqlar ondan xəbər verir ki, Ukrayna ilə danışıqlara haızr olduğunu iddia edən Vladimir Putin Moskvanın Kiyev qarşısında şərt qoymaq şansını gücləndirmək üçün Rusiyanın daha çox ərazi zəbt etməsinə çalışır. Bu müharibə-sülh modelinin əsrlər boyu sınaqdan keçmiş klassik prisnipidir: “nə qədər çox ərazi zəbt etsən, sülh danışıqlarında qarşı tərəfdən bir o qədər güzəştlər qopara biləcəksən”.

Moskvanın isə Kiyevdən gözlədiyi güzəşt zəbt etdiyi ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınmasıdır. Kreml bu mövqeyini dəfələrlə açıqlayıb və Vladimir Putin Çinin “Sinxua” nəşrinə müsahibəsində də bunu bir daha təkrarlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Putin   Ukrayna   danışıqlar  





Xəbər lenti