Energetika naziri Çin nümayəndə heyəti ilə görüşüb - FOTO

Energetika naziri Çin nümayəndə heyəti ilə görüşüb -    FOTO
  14 May 2024    Oxunub:685
Energetika naziri Pərviz Şahbazovla "China Energy Engineering Group Co.Ltd" şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və "China Energy International Group Co. Ltd"şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən AzVision.az -a bildirilib ki, görüşdə bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılıb. Çində və qlobal miqyasda energetika və infrastruktur sənayeləri üçün sistematik, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri təqdim edən “China Energy Engineering Group Co.Ltd” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb.

Yaşıl enerji dəhlizləri və interkonnektorlarının yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış 2 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. 60 MVt və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.

Söhbət zamanı İşçi Qrupunun yaradılması ilə potensial əməkdaşlıq istiqamətləri üzrə təkliflərin dəyərləndirilməsi və nəticədə müvafiq layihələrlə bağlı əməkdaşlıq edilməsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.

AzVision.az


Teqlər: Energetika-Nazirliyi   Çin   görüş  





Xəbər lenti