`Bu dəyişikliklər bürokratik yükü azaldır` - Rəna Səfərəliyeva

`Bu dəyişikliklər bürokratik yükü azaldır` - Rəna Səfərəliyeva
  27 Yanvar 2017    Oxunub:3525
Nazirlər Kabinetinin “Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik etməsi QHT problemlərinin həlli istiqamətində mühüm addımdır.
AzVision.az xəbər verir ki, bunu “Şəffaflıq Azərbaycan” təşkilatının sədri Rəna Səfərəliyeva deyib. Onun sözlərinə görə, müvafiq dəyişiklik xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracaq.

O, qeyd edib ki, bu dəyişikliklər müsbət xarakter daşıyır və xarici donorların qrant vermək hüququnu əldə edə bilməsi ilə bağlı bürokratik yükü azaldır: “Bununla belə, xarici qrantların verilməsi ilə bağlı qanunvericilik, o cümlədən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qrant verməsi üçün saziş bağlaması ilə əlaqədar proseduralar daha da sadələşdirilməlidir. Biz ümidvarıq ki, vətəndaş cəmiyyəti ilə aparılan müzakirələr bu sahədə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə töhfə verəcəkdir”.

Onun fikrincə, qaydaya edilmiş ən mühüm dəyişikliklər xarici donordan başqa indi həm də resipiyentin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi əldə etmək üçün müraciət edə bilməsidir. Belə ki, rəyin əldə edilməsi xarici donor tərəfindən Azərbaycan ərazisində verilmiş qrantın qeydiyyatdan keçirilməsi üçün ilkin şərtdir: “ Bundan başqa artıq resipiyent həm rəyin əldə edilməsi üçün, həm də qrantın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə eyni vaxtda müraciət edə biləcək. Əvvəllər qanunvericiliyin tələbinə görə donor rəyi əldə etmək üçün Maliyyə Nazirliyinə, resipiyent isə qrantı qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə ayrıca müraciət etməli idilər.

Eyni zamanda rəyin əldə edilməsi üçün ərizəyə əlavə olunan xarici dildə tərtib olunan sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb ləğv olunub və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi üçün müəyyən olunmuş müddət 15 gündən 7 günədək azaldılıb. Müvafiq olaraq, sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda müddət 15 günədək uzadıla bilərdisə, indi bu müddət 7 günə endirilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti