ABŞ Hindistanı sanksiyalarla hədələdi

   ABŞ Hindistanı sanksiyalarla hədələdi
  14 May 2024    Oxunub:872
ABŞ Hindistan və İran arasında Çabahar limanının birgə istismarına dair razılaşmaya münasibət bildirib.
Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, Vaşinqton müqavilədən xəbərdardır:

“Biz bilirik ki, Hindistan və İran Çabahar limanı üçün 10 illik müqavilə imzalayıblar və ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik.

İranla işgüzar əməliyyatlara girməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”. Hindistanın bu razılaşma ilə bağlı ABŞ-ın mümkün sanksiyalarından azad olub-olmaması ilə bağlı suala Patel mənfi cavab verib.

Qeyd edək ki, Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir. Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır.

Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti