Saytın qonağı | `40-a yaxın məşhuru əməliyyat etmişəm` - Həkim-deputat Rəşad Mahmudov (VİDEO)

Saytın qonağı | `40-a yaxın məşhuru əməliyyat etmişəm` - Həkim-deputat Rəşad Mahmudov (VİDEO)
  26 May 2016    Oxunub:27102
“Saytın qonağı” - AzVision.az saytının ən məşhur və sevilən rubrikalarından biridir. Bu rubrikada oxucularımıza rəsmi şəxslərə sual ünvanlamaq imkanı yaradırıq. Onlar suallara videoformatda cavab verirlər.

Saytımızın növbəti qonağı millət vəkili, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov olub. O, oxucularımızın ünvanladıqları sualları cavablandırıb.

Cavabların birinci hissəsi ilə BURADAN tanış ola bilərsiniz.

Kamal:
- Azərbaycanda əməliyyat qiymətləri nəyə görə Avropa ölkələrindəki kimi bahadır? Nəzərinizə çatdırıram ki, Avropa ölkələrində minimum əmək haqqı 890 avrodur. Belə çıxır, kasıb ölməlidir?




- Bu sualın iki fərqli yönü var. Mən dərinliyə getmək isəmirəm. Burada söhbət özəl və ya özünü idarəetmə prinsipilə işləyən xəstəxanalara müraciət zamanı yaranan maddi sıxıntılardan gedir. Bu gün açıq ürək əməliyyatlarına görə, Amerikada dövlət tərəfindən hər bir sığortalı üçün minimum 80-100 min dollar ödənilir. Ölkəmizdə olan qiymətlərə və inişaf etmiş ölkələrə, standartlara baxanda görürük ki, bizdə daha uyğun rəqəmdir.

Burada söhbət qiymətin yuxarı-aşağı olmasından deyil, effektiv, doğru qiymətin qoyulmasından gedir. Əgər bir xəstəxana bəlli əməliyyatları edərkən maddi-texniki bazasını inkişaf etdirməyibsə, gündən-günə zəifləyirsə, bu, inkişaf demək deyil. Personal üçün rahat, uyğun iş rejimi, xəstənin yaxınının əlinə baxmadan öz professional işini görərək, aylıq əməyinin qarşılığını aldığı bir sistem yaradılmalıdır.


Nadir:
- Sizə uğurlar arzu edirəm. Bir xahişim var, gənc həkimlərə dəstək olun.




-10 illik fəaliyyətim boyunca sadəcə 8 mindən çox açıq ürək əməliyyatı etməklə yetinməyib, bu günə qədər səkkizə yaxın aktiv, öz canımızı əmanət edə biləcəyimiz Azərbayacan həkiminin yetişməsinə nail olmuşuq. Və bu işlər davam edir.
Hazırda yanımda yeni 6 ürək cərrahı rezedent proqramında hazırlanır. Bu, mənim ən vacib və ən başda olan vəzifəmdir.
Tək burada deyil, Naxçıvanda da hazırlanan kadrlar əməliyyatlara başlayıblar. Gələcək perespektivlərdə yeni planlar qurulur.

Sədaqət:
- Doktor mənim 44 yaşım var, neçə illərdir ürək narahtlığından əziyyət çəkirdim. Özüm də çox əsəbiyəm, müalicə olunurdum, bir-iki ay düzəlirdim, sonra yenə narahatlığım başlayırdı. Son vaxtlar yeriyəndə tez-tez ürəyimdə ağırlıq hiss eləyirdim, sinəm göynəyirdi, təngnəfəs olurdum. Ağır bir şey götürəndə narahat olurdum. Həkim dedi ki, anju olunmalısan. Bir neçə həkimə getdim, hərəsi bir cür diaqnoz qoydu. Nəhayət, anju olundum, dedilər, damar spazımı varmış. Ondan sonra müalicə olundum. İndi yaxşıyam, arada sinəmdə bir anlıq xışıltı səsi gəlib-keçir. Bilmək istəyərdim, mənim narahtlığım psixolojidi, yoxa nə? Nəfəs alanda çox rahat oluram.




- Allah şəfa versin. Xanım olması və 44 yaşında olması ürəyin işemik xəstəliyi və damar kirəcləşməsi ehtimalından bir az uzaqlaşdırır. Diaqnozların çox doğru olduğunu görürəm. Çünki şikayətlər daha çox ürəyin işemik xəsətəliyinə bənzəyir. Elə xəstələrdə şübhə varsa, anjuqrafiyanın olunması birmənalı doğrudur. Anjuqrafiya olunduqdan sonra damar spazmı deyilən, daha çox qadınlarda olan, kirəclə, damardakı xolestrinlə əlaqəsi olmayan, sadəcə damarın həssaslığına bağlı olaraq spazma getməsi diqanozu qoyulub. Bu diaqnoz təsdiq olunduqdan sonra uyğun müalicə aparıldığı zaman xəstələrin 99%-nin şikayətlərinin azaldığını görürük. Ancaq dərmanlar kəsiləndə xəstənin narahatlığı davam edə bilər. Bu xəstəlik çox zaman kəskin infarkt və təhülkəyə səbəb olmur. Bu, sadəcə psixoloji xəstəlik deyil.

Vahid:
- Həkimin tərcümeyi-halını oxudum. Həkim Mahmudov hansı səbəbdən hərbi xidmətdə olmayıb?




- Mənim 1991-ci ildən başlayan və 2003-cü ilə qədər davam edən bir təhsil müddətim olub. Təhsilmi Türkiyədə başladım. Bakalavr təhsilini başa vurduqdan sonra aspirantura, doktoronturada davam etdirdim. 1997-ci ildə əsgərlikdə 27 yaş həddi var idi. 27 yaşında əgər elmi fəaliyyətə davam edirsənsə, əsgərlikdən azad edilib ehtiyyata çəkilmə proseduru var idi. Həmin illərdə ehtiyyata alındım. Türkiyədən geri döndükdən sonra tibb elmlər namizədliyim də olduğuna görə, əsgərlikdə iştirak etməmə və ehtiyyatda olma hüququm var idi.

Bu sualla əlaqədar bir anı xatırlayıram. 1993-cü illərdə Türkiyədə təhsil alırdıq. Qərar verdik ki, təhsilimizi dondururuq və ailələrimizin xəbəri olmadan Qarabağa gedirik. Universitetimizin rektoru xəbər tutdu və bizi çağırdı, söhbət etdi. Dediyi sözləri heç vaxt unutmaram. Bildirdi ki, “Dediklərinizi, etmək istədiklərinizi alqışlayıram, mən də olsam, eyni hərkətlər edərdim. Amma sizinlə bir söhbət edəcəyəm, bunu deməsəm, özümü ömür boyu günahkar sayaram”.

O gün o söhbətin sonunda bizi bu yoldan dayandırdı. Bizə göstərdi ki, dövlət çağırdığı zaman gedə bilərsiniz, sizi bu gün dövlət buraya təhsil və ölkənin gələcək problemlərinin həli üçün göndəribsə, gəlin, siz özünüzü daha çox inkişaf etdirərək dövlət üçün beyin gücü olmağa çalışın. Ancaq hər zaman da çalışın ki, hazır olasınız ki, dövlət çağırdığı zaman əsgər olasınız. Bu fikirlə bizi geri qayatrdı.

Mən təhsilimi bitirib Azərbaycana gələndə 2005-ci il idi. 120 nəfərdən ibarət bir komanada ilə 10 gün ərzində Gəncə Qazax, Füzuli, Qəbələ, Lənkəran, Naxçıvan, Şamaxıya getdik. O yerlərdə yeni bazalarda 1000-dən çox açıq ürək əməliyyatı keçirdik. 2006-cı ildə paytaxtdan kənarda ilk dəfə Lənkəranda oldu. Mən bu yolla dövlətim qarşısında əsgərlik borcumu yerinə yetirməyə çalışırdm.

İnsan oğlu fəthi beyni və ağlı ilə edə bilər. Tək Qarabağı deyil, bütün dünyanı bilgimizlə fəth edə bilərik. Və lazım olduğu zaman cəbhədə ağ xalatda da, əsgər palatarında da təmsil olunacağam.


Abbas Camalov:

- Özünüzü bu millət üçün qoruyun, siz təkcə ailənizə deyil, Azərbaycan xalqına və sağlamlığı məhdud olan insanlara gərəksiniz. Allah sizi qorusun. Suala gəldikdə isə, millət vəkilindənsə, həkimlik sənəti ilə məşğul olmağınız daha doğru olardı...




- Dünyadakı sənətlərin hər birinə hissiyyatınla, ürəyinlə, inancınla getdiyin zaman hər bir sənət şərəflidir. Ancaq həkimlik və müəllimlik həmişə xüsusilə şərəfli bir iş sayılıb. Əlbəttə ki, çox məsuliyyətli bir işdir. Millət vəkili olandan sonra gördüyümüz işlərlə kifayətlənməyib, ölkəmizin səhiyyə sahəsində xırda da olsa, öz işlərimizi ortaya qoymağa çalışırıq. Hər ölkənin vətəndaşları ölkəsini layiq olduğu yerə gətirirlər. Biz də öz beyin gücümüzü , əməyimizi ortaya qoymalıyıq. Səhiyyə sahəsində, dövlət proqramlarında aktiv iştirak etmək üçün bu yola girmişik. İnşallah bu sahədə də insanları xəyal qırıqlığına uğratmarıq.


Nicat Şıxəlizadə:
- Hörmətli doktor indiyə kimi neçə ürək əməliyyatı həyata keçirib? Ümumiyyətlə, son illər xəstələr ürək-damar əməliyyatı üçün xaricəmi daha çox gedirlər, yoxsa ölkəmizdə əməliyyat olunurlar?




- Mərkəzimizdə son 10 il içərisində keçirilən açıq ürək əməliyyatlarının sayı artıq 8 mini ötür. Bunun da yanında 10 mindən çox “qapalı ürək əməliyyatları” dediyimiz anjuqrafiya və anjuplastika, yüz minlərlə insanlar üzərində ürək müayinələri aparılıb. İnamı davam etdirmək üçün mütləq üzərimizdə işləməliyik. Tək əməliyyat deyil, əməliyyatdan sonrakı proseslər, tibb bacılarının səviyyələrinin yüksədilməsi üzərində işlər gedir. Ürək-damar xəstəlikləri ilə əlaqədar bizim ölkəmizdə bir mərkəz deyil , artıq 6-7 mərkəz birmənalı inam yaradıblar, xaricdə təhsil alıb ölkəyə gəlmiş mütəxəssislərin sayı artıq yüzlərlədir. Onlar gözəl məktəb qurub, fəaliyyətlərini peşəkar formada davam etdirirlər.


Mehriban:
- Salam Rəşad həkim. Mənim ürəyim hərdən göynəyir və ağrıyır, bu, nəyin əlamətidir, ürəyimdə genişlənmə ola bilərmi?




- Mehriban xanımın yaşını bilmirəm. Əgər 50 yaşlı bir xanımın ürəyində göynəmələr hərəkətlə, əsəbləşərkən olursa, bunun ürək-damar xəstəlikəri olması riski yüksəkdir. Əgər xəstə 40 yaşından aşağıdırsa, hərkətlə əlaqəsi olmayan göynəmələrin ürək-damar xəstəlikləri olma ehtimalı çox aşağıdır.
Göynəmə ilə ürək genişlənməsi arasında əlaqə qurmaq bir az çətindir. Məsləhətim o olardı ki, şübhələrinin qalmaması üçün sadə exokardioqramma etdirsin. Yox, yaşı 45-in üzərindədirsə, ailəsində risk faktoru varsa, hərəkət vəziyyətində elktrokartiqoramma etdirsin. Sakit kardioqramma çox zaman bizi aldadır .

Elxan:
- Ürək əməliyyatı olunmuşam, 4 damar dəyişdirilib, hər gün 3 dərman atıram: aspirin, kardiya rosvoks,eqilok. Ömürlük bunları qəbul etməliyəm, yoxsa dayandırmalıyam?




- Bu dərmanalar ürək-damar sistemini və bədəni qoruyan dərmanlardır. Aspirin tromblaşamının qabağını almaq üçündür. Ömür boyu istifadə olunmalıdır. Eqilok ritmin stabilliyi və təzyiqə nəzarət üçün verilir ki, onu həkimlə məsləhətləşərək, ehtiyac olmasa, dayndıra bilər. Rosvoks - xolestrinə qarşı istifadə olunan dərmandır. Əgər əməliyyatın üstündən bir il keçibsə, xəstədə ciddi ateroskleroza meyillik yoxdursa, xolestrin səviyyəsi kontol altındadırsa, həkim məsləhəti ilə dayandırıla bilər.

Əsədov Nəsimi:
- Salam, çox hörmətli doktor, xahiş edirəm, izah edəsiniz, ANJU deyilən müayinənin bir zərəri varmı?




- Lazımsız olduğu zaman və miqdarı çox olanda, suyun belə zərəri var. Göstərişi olan yerdə anju zərərsiz və ya minimum zərərli olur. İndi çox rahat, kiçik damardan girilərək, dəqiqələr içərisində həyata keçirilən yan təsiri on mində bir ola bilər. Lazımsız yerə olunması, təbii, məsləhət deyil .

AzVision.az-ın sualları:

- Dərman firmaları ilə həkimlərin arasındakı “əl-əli yuyar...” münasibəti bir çox insanları narahat edir. Sizi necə, edirmi?

- Dərman firmaları ilə əlaqədar işləmələr son illərdə ciddi problemlər yaradıb. “Neftçilər” xəstəxanası mənim fəaliyyətimdə olduğu müddətdə özünü idarəetmə və rəsmi şəkildə maaşların verildiyi bir xəstəxana olduğuna görə, belə hadisələr olmayıb. Amma bu, həkimlik üçün ağrılı bir nöqtədir. Sənətinə əgər hörmətin varsa, uyğun olmayan bu söhbətlər sənətə, insanlığa, səhiyyəyə inama böyük problemlər yaradır. Son illər bununla bağlı dövlət tərəfindən ciddi nəzarət mexanizmləri qurulub. Bir həkim, xəstənin inamını qazanmış insan bu yola getməz.

- Hansısa xəstənizə səhv diaqnoz qoyduğunuz olubmu?



- Mən Milli Məclisə seçildikdən sonra sosial mediada Renatla bağlı çox yazdılar. Sizə bir şeyi demək istəyirəm. Tibb - riyazi bir elm deyil. Subyektiv dəyərləri olan, illərin təcrübəsi ilə ortaya çıxan, dünyada fərqli bilgilərin olduğu sahədir. Riyaziyyata bənzər bir elm olsaydı, dünya ölkələri bu qədər vəsait sərf etməzdi. Buna görə, tibdə əlbəttə ki, səhvlər olar, kömək etmək istədiyin halda bilmədən zərər vura bilərsən, kömək edə bilməzsən... Əgər professional şəkildə bu işlə məşğul olursansa, bu ehtimallar var. Ancaq ehtimalın dərəcəsi də var. Yəni dünyada bu gün açıq ürək əməliyyatlarında ölüm riski 2 faizdən aşağı olan yer yoxdur. Bu, o demək deyil ki, kömək etmək istəmirdilər, kömək etmək istəyərkən 100-dən 98-nə komək edə bilirik.
Mediada belə bir yazı ilə qarşılaşdım ki, həkim-deputatın qoyduğu diaqnoz səhv çıxdı. Səhv çıxa bilər. Amma Renatın diaqnozunda səhv çıxdığını göstərən bir real sənəd ortaya qoyularsa, həmin insanın qarşısında diz çöküb, üzr istəyəcəm. Çünki Renatda olan xəstəlik çox mürəkkəb bir xəstəlikdir. Əməliyyat edən cərrah bildirdi ki, 40 ildə bu cür xəstəliklə 3-cü dəfədir qarşılaşırıq. Biz bu riskə getdik və ailəsi tərəfindən risk qəbul olundu. Bu uşağın 14 qüsurunun heç birinə toxunulmadan bir-iki qüsur üzərində korreksiya aparılıb, digərləri üzərində gələcəkdə işlər aparılacaq. Biz diaqnozlarımızı əməliyyata girənə kimi dəfələrlə yoxlayırıq. Xarici ekspertlər ilə uzun müddətli online-əlaqələr qurmuşuq. Renatda səhv diaqnoz olduğunu düşünmürəm. Renatın xəstəliyinin riski çox yüksək idi.


- İlhamə Quliyevanı siz əməliyyat etmişdiniz?



- Bəli. Azərbaycanın 40-a yaxın tanınmış sənət adamını əməliyyat etmişəm. 2009-cu ildə İtalyadan gələrkən İlhamə xanımı çox kritik şəkildə xəstəxanamıza gətirdilər. Koronar sindrom vəziyyətində. O anjuqarfiya olundu.


- Övladlarınızdan yolunuzu davam etdirmək istəyən varmı?

- Övladlarım hələ kiçikdirlər. Arzum övladlarımın birinci növbədə sağlam düşüncəli vətəndaş olmalarıdır. Və hansı sənəti, peşəni seçməsindən aslı olmayaraq, peşəkar olsunlar. Bunlar olandan sonra hər işdə uğur qazana bilərlər.

- Əmək haqqınız sizi qane edirmi?



- Hazırda xəstəxanamızda ictimai əsaslarla fəaliyyət göstərirəm. Yanımda 10-a yaxın rezedentura ixtisasçıları var, onların təhsilinin davam olunması üçün tədris gedir. Bu, sadəcə nəzəri deyil, parkitik tədrisdir. Yəni onlar ixtisasçı olaraq gələcək üçün hazırlanır.
Şükürlər olsun ki, həyatımızdan razıyıq. 2005-2015-ci illər ərzində dövlətin hər qəpik vergisini verərək, maaş almışıq. Tək mən deyiləm, bütün qrupumuz o şəkildə maaş alıb. Və bununla fəxr edirik. Vergi vermək əsgərlik qədər şərəfli bir işdir.


- Özünüzün ürək probleminiz olubmu?



- Şükürlər olsun ki, ciddi bir ürək problemim olmayıb. Amma hər bir insan doğru qərarlar vermək üçün ürəyinin səsinə qulaq asmalıdır. Ürəyinin səsinə qulaq asan insanlar isə müəyyən məqamlarda ürəyin ağrısını hiss edə bilər. Allahdan sadəcə özümlə birlikdə bütün Azərbaycan xalqına ağrısız ürək, sağlam ruh, gözəl gələcək haqqında düşünən beyin arzu edirəm.
Hamınıza təşəkkür edirəm!

Şahanə Rəhimli
Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti