Nazirliklərdən jurnalistlərə cavab: Özünüz guya yaxşı işləyirsiniz?

Nazirliklərdən jurnalistlərə cavab: Özünüz guya yaxşı işləyirsiniz?
  30 Noyabr 2015    Oxunub:5597
AzVision.az ötən həftə jurnalistlər arasında sorğu keçirərək onların hansı dövlət qurumlarının mətbuat xidmətlərindən narazı olduğunu öyrənməyə çalışmışdı.

Jurnalistlər sorğu əsnasında təzadlı və təsdiq olunmamış xəbərlərin tirajlanmasında rəsmi qurumları günahlandırıb, bəzi mətbuat katiblərinin işləyə bilmədiyini söyləyiblər.

KİV nümayəndələrinin ittiham etdiyi qurumlar barələrində səsləndirilən fikirlərə münasibət bildiriblər.



Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az- bildirib ki, KİV-lə səmərəli əlaqələrin inkişafı üçün həyata keçirdiyi siyasət media ilə daha açıq, şəffaf və operativ münasibətlərin qurulmasına xidmət edir.

C.Valehovun sözlərinə görə, Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarının artırılması məqsədilə KİV-in suallarının elektron poçt vasitəsilə qəbulu və operativ cavablandırılması ənənəsi davam etdirilir.

Nazirlik rəsmisi onu da qeyd edib ki, vaxtaşırı olaraq, KİV nümayəndələrinin iştirakı ilə “Dəyirmi masa”lar, seminar və brifinqlər keçirilir, jurnalistlərin regionlardakı və paytaxtdakı təhsil müəssisələrinə mediaturları təşkil olunur: “Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda jurnalist yazıları müsabiqələri keçirilir. “Media və təhsil dialoqu” mövzusunda bir neçə dəfə təşkil edilmiş praktik konfranslarda ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak edirlər. Təhsil Nazirliyi hər zaman fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazırdır”.



Səhiyyə Nazirliyinin mətbuat xidmətindən jurnalislərin ittihamına cavab olaraq bildirilib ki, KİV-lərin müraciətlərinə diqqətlə yanaşılır, nazirliyin fəaliyyəti haqqında geniş ictimaiyyət gündəlik məlumatlandırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə nazirliyə qarşı irəli sürülən ittihamları əsassız sayır. Onun fikrincə, jurnalistlər iradları obyektiv deyil.

“Sorğuda iştirak edənlərdən bir neçəsi bizi “vaxtında cavab verməməkdə” və ya “telefon zənglərinə cavab verməməkdə”, biri isə bir az da qabağa gedərək, “baş vermiş hadisəni necə ört-basdır etməyin yollarını aramaqda”, “polis obrazını möhkəmləndirməkdə”, “təkzib məlumatları verməklə məşğul olmaqda” əsassız və qərəzli olaraq guya tənqid edib. Əvvəla, hörmətli mətbuat nümayəndələrinə məsləhət görərdim ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı noyabrın 18-də verdiyi müsahibəni, elə həmin ərəfədə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatı bir dəfə yox, dəfələrlə oxuyub nəticə çıxarsınlar. İkincisi, bir daha xatırlatmaq istərdim ki, Daxili İşlər Nazirliyi hüquq-mühafizə və güc orqanı olmaqla cinayətkarlığa qarşı əməliyyat-axtarış fəaliyyəti və cinayət işləri üzrə istintaq hərəkətləri həyata keçirən mühüm dövlət qurumudur. Ona görə də DİN-in fəaliyyət istiqamətləri barədə yalnız qanunla müəyyən edilmiş məlumatların ictimaiyyətə və KİV-ə verilməsi üçün Nazirliyin Mətbuat Xidməti öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bunu da yəqin çoxları təsdiq edər ki, gün ərzində xidməti iş telefonlarımız, sutka boyunca isə mobil telefonlarımız hər bir jurnalist üçün açıqdır”.



Nazirlik sözçüsü əminliklə bildirib ki, DİN-in mətbuat xidmətinin əməkdaşları bir iş günü ərzində KİV nümayəndələrindən gələn təxminən 25-30 suala cavab verirlər ki, bunu da onlarla əməkdaşlıq edən müxbirlər və diqqətli oxucular təsdiq edə bilərlər: “ Əfsuslar olsun ki, bəzən, bəlkə də əksər hallarda hüquqdan, qanundan, polisin fəaliyyətindən anlayışı olmayan qeyri-peşəkar birisi zəng edərək daxili işlər orqanlarının fəaliyyətinə aid olmayan və ya cavab vermək üçün araşdırma, dəqiqləşdirmə tələb olunan elə suallar verir ki, bu zaman biz onun sualını ya cavabsız qoyuruq, ya da cavab üçün vaxt istəyirik. Bundan əlavə, ictimaiyyətin və mətbuatın operativ məlumat alması üçün DİN-in rəsmi internet saytı da mövcuddur. Saytımızda polisin fəaliyyəti ilə bağlı ictimaiyyətə və KİV-ə açıq olan məlumatlar mütəmadi olaraq hər gün yenilənir”.

E.Zahidov onu da qeyd edib ki, “Polis obrazını möhkəmləndirməklə məşğul olmaqda” onları qınamaq məntiqsizlikdir: “Birmənalı olaraq bildirmək istərdim ki, bu gün cəmiyyətdə, ictimaiyyət arasında polisin nüfuzu yüksəkdir. Vətəndaşlarımız öz polisinə inanır və etibar edir. Kim bunun əksini düşünürsə, ona, DİN rəhbərliyinin qəbulunda iştirak etmiş və etmək üçün müraciət edən vətəndaşlarımızın, polis orqanlarına, “102 Zəng” Mərkəzinə, DİN-in elektron poçt ünvanına gələn məktubların, müraciətlərin, edilən zənglərin məzmununa, statistikasına baxmağı məsləhət bilərdim. Polisimiz bu etimadı, bu inamı qanunlara əsaslanan öz xidməti fəaliyyətinin uğurlu nəticələri ilə, polisin köməyinə ehtiyacı olan insanların vaxtında yanlarında olması ilə qazanıb.

Mətbuat Xidməti olaraq bizim də vəzifəmizdir ki, öz həmkarlarımızın ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, cinayətkarlıqla mübarizə sahəsində qazandıqları çoxsaylı nailiyyətləri operativ olaraq ictimaiyyətə çatdıraq. Əsas odur ki, fəaliyyətimiz ciddi, samballı mətbuat orqanlarını, peşəkar jurnalistləri və ictimaiyyəti qane edir. Qeyri-peşəkarların rəyi isə obyektiv ola bilməz”.

Jurnalistlərin haqlı olaraq narazılıq etdiyi bəzi mətbuat katiblərindən cavab ala bilmədiklərimiz də oldu. Üzünü həmişə olduğu kimi mavi ekranlardan gördüyümüz, nədənsə yalnız televiziyaların suallarını cavablandıran Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bu dəfə də ənənəsinə sadiq qalaraq telefonlara cavab vermədi.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti