`Bankların bağlanması ciddi problemlər yarada bilər`
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu özünün facebook səhifəsində qeyd edib:
“Bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat təşkil edir. Əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər”.
İqtisadçı hesab edir ki, bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması və xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir. Bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur. Belə ki, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Manatın xüsusilə devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir”-deyə Q.İbadoğlu bildirib.
AzVision.az
Teqlər: