Nəqliyyat sıxlığını azaltmaq üçün yeni addım: İş saatları dəyişə bilər

Nəqliyyat sıxlığını azaltmaq üçün yeni addım:    İş saatları dəyişə bilər
  11 İyun 2026    Oxunub:169
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə 2026-cı ildən dəyişkən iş qrafikinin tətbiqinə başlanıla bilər.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.

Deputatın sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, həmçinin digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkili nəzərdə tutulur. Proqramda bu tədbirin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılıb.

Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın vaxtlarda yekunlaşdırılması gözlənilir. Bundan sonra Nazirlər Kabinetinin təsdiq edəcəyi siyahılar əsasında iş rejimlərinin mərhələli şəkildə təşkili həyata keçiriləcək.

V.Bayramov qeyd edib ki, dəyişkən iş qrafiki bir sıra inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa dövlətlərində uğurla tətbiq olunur. Onun sözlərinə görə, müxtəlif işəbaşlama saatları nəqliyyat axınının gün ərzində daha bərabər paylanmasına imkan verir, pik saatlarda sıxlığı azaldır və ictimai nəqliyyatın yüklənməsini balanslaşdırır.

Deputat vurğulayıb ki, bu model həmçinin işçi məhsuldarlığının artırılmasına və şəhər infrastrukturuna düşən yükün azalmasına müsbət təsir göstərir.

“Gözlənilir ki, 2026-cı ildə dövlət proqramının tələblərinə uyğun olaraq müxtəlif sektorlarda iş saatlarının mərhələli şəkildə fərqləndirilməsi həyata keçiriləcək. Bu halda bütün müəssisələr eyni vaxtda fəaliyyətə başlamayacaq ki, bu da nəqliyyat sıxlığının azalmasına töhfə verəcək”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq məqsədi daşımır. Bu, yol hərəkətində yüklənmənin azaldılmasına yönəlmiş tədbirlərdən biridir və nəticələrin əldə olunması nəqliyyat infrastrukturunun genişləndirilməsi, eləcə də digər tamamlayıcı tədbirlərin həyata keçirilməsindən asılı olacaq.


Teqlər:



Xəbər lenti