Xaosdan yorulan investorlar neft bazarından çıxırlar

 Xaosdan yorulan investorlar neft bazarından çıxırlar
  13 İyun 2026    Oxunub:221
Qlobal neft bazarında artan siyasi qeyri-müəyyənlik və qiymət dəyişkənliyi investorların rekord sürətlə bazardan çıxmasına, nəticədə isə likvidliyin son illərin ən yüksək tempi ilə azalmasına səbəb olub.
Qlobal neft qiymətlərindəki kəskin dəyişkənlik bu il bazarda likvidliyin rekord sürətlə azalmasına səbəb olub. İnvestorlar ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı gündəlik sosial media paylaşımlarının girovuna çevrilmiş aktivə vəsait yatırmaqdan getdikcə daha çox çəkinirlər.

Maliyyə bazarlarında likvidlik aktivlərin bazar qiymətində kəskin dəyişiklik yaratmadan alqı-satqı imkanını göstərir. Sadə desək, likvidlik yüksəkdirsə, bazarda çoxlu alıcı və satıcı var; istənilən vaxt alqı-satqı aparmaq mümkündür; qiymətlər kəskin dəyişmir.

Likvidlik aşağıdırsa, alıcı və ya satıcı tapmaq çətinləşir; kiçik həcmli əməliyyatlar belə qiymətə ciddi təsir göstərə bilər; qiymətlər daha kəskin dəyişir.

LSEG-in məlumatına görə, hazırda investorların əlində olan Brent fyuçersləri üzrə aktiv müqavilələrin həcmi bu il təxminən 17 % azalıb.

Treyderlərin sözlərinə görə, Trampın Tehrana qarşı təhdid ritorikasını sərtləşdirib, bir neçə saat sonra isə sülh sazişinin yaxın olduğunu bəyan etməsi, eləcə də neft bazarının real fundamental göstəricilərini izləməyin çətinləşməsi investorlarda ciddi yorğunluq yaradıb.

Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iri ticarət şirkətlərindən birinin rəhbər əməkdaşı bildirib:

“İnsanlar bu xaosdan yorulublar. Hamı bunun başa çatmasını istəyir. Mesajların hər saat dəyişdiyi bir şəraitdə ardıcıl maliyyə itkiləri ilə üzləşmədən fyuçers bazarında ticarət aparmaq mümkün deyil”.

Cümə günü neft qiymətləri təxminən 3 % ucuzlaşaraq son iki ayın ən aşağı səviyyəsinə düşüb .

Avqust Brent fyuçers müqaviləsi üzrə aktiv göstəriciləri həcmi ayın əvvəlində 534 227 lot təşkil edib ki, bu da ötən ilin iyulundan bəri ən aşağı göstəricidir. Aktiv müqavilələrin həcmi adətən ayın əvvəlində zirvəyə çatır, müqavilənin yekunlaşma tarixi yaxınlaşdıqca azalır və daha sonra növbəti müqavilə ayına keçir.

Likvidlik zəiflədikdə alıcılar və satıcılar əməliyyata hazır qarşı tərəflərin çatışmazlığı səbəbindən normal şəraitdə razılaşacaqları qiymətlərdən daha yüksək və ya daha aşağı qiymətləri qəbul etməyə məcbur qalırlar. Bu isə qiymət dəyişkənliyini artırır. Nəticədə həm mümkün gəlirlər, həm də zərər riski yüksəlir.

Goldman Sachs əmtəə bazarları bölməsinin keçmiş rəhbəri Cefri Kari bildirib ki, son həftələrdə neft qiymətlərinin əhəmiyyətli şəkildə yenidən bir barel üçün 100 ABŞ dollarından yuxarı qalxmamasının əsas səbəbi bazarda təklif bolluğu deyil . Onun sözlərinə görə, Hörmüz boğazının demək olar ki, bağlanması qlobal neft təklifini ciddi şəkildə məhdudlaşdırsa da, əsas amil investor kapitalının bazardan çıxmasıdır.

Bir sözlə, siyasi qeyri-müəyyənlik nefti investorlar üçün həddindən artıq riskli və dəyişkən aktivə çevirib.

S. Həsənova
AzVision.az



Teqlər:



Xəbər lenti