"1,5 milyard kubmetr qaza qənaət edə bilərik" - Elnur Soltanov

"1,5 milyard kubmetr qaza qənaət edə bilərik" - Elnur Soltanov
  11 İyun 2026    Oxunub:159
Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı və enerji sisteminin modernləşdirilməsi hesabına 1,5 milyard kubmetr qazı sərbəstləşdirə bilər.
Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda tədbirdə bildirib.

“Əvvəllər Azərbaycanda elektrik enerjisi istehsalının təxminən 95 faizi təbii qazın payına düşürdü. Generasiyanın bir hissəsinin bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi yüksək ixrac dəyərinə malik təbii qaz həcmlərinin sərbəstləşdirilməsinə şərait yaradır. Azərbaycan strateji tərəfdaşı “Masdar” ilə əməkdaşlıq çərçivəsində 2027-ci ilədək bərpa olunan enerji mənbələrinin gücünü 2 qiqavata çatdırmağı planlaşdırır. Enerji sisteminin modernləşdirilməsi çərçivəsində Mingəçevirdə güclərin yenilənməsi, o cümlədən köhnəlmiş turbinlərin dəyişdirilməsi həyata keçirilir ki, bu da generasiyanın səmərəliliyini artırmağa imkan verib”, - deyə o bildirib.

O qeyd edib ki, bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsi tələb olunur və bunun üçün təxminən 500 milyon dollar həcmində investisiya lazımdır.

Nazir müavinin sözlərinə görə, enerji siyasətinin həyata keçirilməsi zamanı ölkənin coğrafi və infrastruktur xüsusiyyətləri, eləcə də layihələrin miqyasının artırılması ilə bağlı çətinliklər də daxil olmaqla mövcud məhdudiyyətlər nəzərə alınır.

E.Soltanov bildirib ki, Azərbaycan Xəzər regionu da daxil olmaqla əhəmiyyətli enerji potensialına malikdir. Bu potensial eyni zamanda həm imkanlar, həm də infrastruktur çağırışları yaradır.

AzVision.az



Teqlər:



Xəbər lenti