Əmanət, qızıl, daşınmaz əmlak: Pulu hara qoymalı?

   Əmanət, qızıl, daşınmaz əmlak:    Pulu hara qoymalı?
  10 İyun 2026    Oxunub:211
Yığım üçün nəzərdə tutulan vəsaiti nəyə yatırmaq lazımdır? Bu sual yığım vəsaiti olan hər kəsi maraqlandırır. Əsasən bir neçə varianta baxılır: Bank əmanəti, qızıl və daşınmaz əmlak. Bunların hər birinin özünəməxsus üstünlükləri və risklərin olduğunu bilmək lazımdır.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yığımın məhz nədə - əmanətdə, qızılda, yoxsa daşınmaz əmlakda yerləşdirilməsi ilə bağlı birmənalı tövsiyə vermək doğru deyil. Çünki yığımın hansı müddəti əhatə etməsi vacib faktorlardan biridir. Əgər vəsaitlərin qısamüddətli dövr üçün investisiya edilməsi nəzərdə tutulursa, bu zaman likvidliyə daha çox üstünlük verilməlidir. Bu halda qızıl və əmanətlər ön plana çıxır. Çünki onları istənilən vaxt qısa müddətdə realizə edib pul vəsaitinə çevirmək mümkündür.

Seçim zamanı bazar konyunkturunun təsirləri də nəzərə alınmalıdır. Əgər bu gün əmanətlərin illik faiz dərəcələri 10-12 faiz arasında dəyişirsə və qızılın qiymətində 70 faizdən artıq bahalaşma müşahidə olunubsa, təbii ki, qızıla üstünlük verilə bilər. Ancaq qızılla müqayisədə əmanətlərin gəlirləri daha proqnozlaşdırılandır. Nisbətən risksiz və proqnozlaşdırıla bilən alətlərə investisiya etməyə üstünlük verən şəxslər bu halda əmanətləri seçəcəklər.

İnvestisiya alətlərinin gəlirliliyi də mühüm əhəmiyyət daşıyır. Əmanətin faiz dərəcəsi, qızılın qiymətindəki dəyişikliklər, daşınmaz əmlak bazarında qiymət artımının templəri, tələb və təklifin dinamikası, eləcə də digər potensial risklər nəzərə alınmalıdır.

Hazırkı şəraitdə daşınmaz əmlak bazarında qiymət artımının indiyədək müşahidə olunan sürətli dinamikasını risk altına ala biləcək amillər mövcuddur. Fiskal konsolidasiya, iqtisadiyyatın durğunluq mərhələsinə daxil olması və digər amillər daşınmaz əmlak bazarına investisiya qoyuluşunu riskli edə bilər. İnvestisiyanın daşınmaz əmlaka yönəldilməsi zamanı onun hansı regionda yerləşməsi də nəzərə alınmalıdır. Paytaxt və onun ətrafında yerləşən daşınmaz əmlak daha geniş likvidlik imkanları yaradır. Lakin ucqar ərazilərdə alınmış daşınmaz əmlakı ehtiyac yarandıqda realizə etmək mümkün olmur.

Ekspert sonda vətəndaşlara investisiya qərarlarını daha diqqətli şəkildə verməyi tövsiyə edib: “Yığım edən şəxslər müxtəlif investisiya alətlərini nəzərdən keçirməli, eyni zamanda, öz gözləntilərini nəzərə almaqla vəsaitin nə qədər müddət dövriyyədən kənarda qalacağını müəyyənləşdirməlidirlər. Bazar konyunkturunu, aktivlərin investisiya istiqamətlərinin gəlirliliyini və mövcud riskləri nəzərə almaqla öz investisiya qərarlarını qəbul etsinlər”.


Teqlər: İnvestisiya   Yatırım  



Xəbər lenti