Karpman üçbucağı: Öz rolunuzu təyin edin

      Karpman üçbucağı:    Öz rolunuzu təyin edin
  11 İyun 2026    Oxunub:243
Həmkarlarla münasibətlər də qohumlar və ya partnyorlarla münasibətlərlə eyni sxem üzrə inkişaf edə bilər. Belə sxemlərdən biri Karpman üçbucağıdır.
Karpman üçbucağı üç nəfərin iştirak etdiyi və bir-birindən asılı münasibətlər modelidir: Təqibçi, Qurban və Xilaskar. Onların hər biri müəyyən rol oynayır. Təqibçi Qurbana hücum edir, ona nəzarət və ağalıq edir; Qurban əziyyət çəkir, öz vəziyyətinə görə şəraiti və digər insanları günahlandırır; Xilasedici Qurbanı qoruyur və onu problemi təkbaşına həll edə bilməyəcəyinə inandırır. Bu cür münasibətlərdən çıxmaq çox çətindir, çünki iştirakçılar özləri bu modeli qeyri-ixtiyari icra edir və əslində çox zaman azad olmağa çalışmırlar.

Bu modelin qaydalarını 1968-ci ildə amerikalı psixiatr Stiven Karpman tərtib edib və onu "Dramatik üçbucaq" adlandırıb. İştirakçılar əslində nə qurban, nə təqibçi, nə də xilaskardırlar. Ancaq bu ssenarini bir dəfə seçdikdən sonra (şüurlu və ya şüursuz) onlar öz rollarını oynamağa davam edirlər. Baxmayaraq ki, münaqişəni həll edə və narahat vəziyyətdən çıxa bilərlər.

Karpman bu modeli yaradarkən psixoterapiyada tranzakt analizinin müəllifi olan müəllimi Erik Bernin ideyalarına əsaslanıb. Bernin yanaşması bütün insani ünsiyyətlərin əsasında oyunun dayandığını göstərir. Dramatik üçbucaq da belə oyunlardan biridir.

Üçbucağa düşməyin təhlükəsi

Bu modelin tələsi ondan ibarətdir ki, hər bir iştirakçıya öz mövqeyi əzizdir. Personajlar konflikti həll etməyə çalışmırlar, çünki bundan faydalanır və oyunu tərk etmək istəmirlər. Məsələn, Qurbanın hansı mükafatları aldığını ilk baxışdan görmək çətindir. Əslində bu rol insanın öz həyatına görə məsuliyyət daşımamasına imkan verir və üstəlik, Xilaskarın dəstəyinə həmişə zəmanət verir.


Üçbucaqdakı digər rolların da üstünlükləri var. Təqibçi öz gücünü həvəslə izləyir. Xilasedici mütəmadi olaraq Qurbana daha çox enerji sərf etməklə və özünə daha çox bağlamaqla öz dəyərinə olan inamını qıdalandırır.

Bu rolların heç birinin problemi həll etməyə çalışmadığını, konflikti daha da dərinləşdirdiyini, onu sonsuz uzatdığını görmək çətin deyil. Dramatik üçbucağın əsas təhlükəsi budur.

Dramatik üçbucaqlar harada yaranır

Karpman modeli romantik ünsiyyətdən tutmuş iş münasibətlərinə qədər hər yerdə özünü göstərə və bəzən illərlə davam edə bilər. Ailələrdə Qurban-övladı müstəsna dərəcədə sərt tərbiyə edən, hər hansı bir pis davranışa görə onu danlayan Təqibçi-valideyni və həmişə uşağın tərəfini tutan, partnyorunu daim tənqid edən Xilaskar-valideyni tez-tez müşahidə etmək olar.

Cütlüklərdə üç rol iki nəfər arasında bölüşdürülə bilər və bu "oyun" bəzən bir saat ərzində, məsələn, mübahisə zamanı oynanılır. Partnyorlardan biri özünü yorğun hiss edir və digərinə şikayətlənir, ancaq qarşı tərəf ağır gündən sonra ona təsəlli vermək əvəzinə, birincini ifrat emosionallıqda günahlandırır. Münaqişə dərinləşir, Təqibçi peşman olur, Xilaskar roluna keçir və beləcə, sonsuza qədər davam edir.

Karpman üçbucağında rollar

Üçbucağın iştirakçılarına və onların konfliktdəki mövqelərinə ətraflı nəzər salaq:

Qurban. Mövqeyi: "yazıq mən!" Qurban özünü məzlum, gücsüz və çarəsiz görür. O, həyatındakı mənfi hallara görə şəxsi məsuliyyəti rədd edir və passiv şəkildə xilasedicini gözləyir, hətta qərar qəbul etməmək üçün onu aktiv şəkildə axtarır. Bu rolda olan insanlar başqalarının daha şanslı olduğunu düşünür, problemlərində şəraiti günahlandırır və başqaları tərəfindən qəbul edilməmələrindən şikayətlənirlər.

Təqibçi. Mövqeyi: "bütün günahlar səndədir!" Təqibçi Qurbanı tənqid edir və günahlandırır, hədə-qorxu və zorakılıqla onu özünü günahkar saymağa məcbur edir. Təqibçilər nəzarət və güc amilindən yapışaraq, əhəmiyyətlərini özlərinə və dünyaya sübut etməyə çalışır, əslində heç bir problemi həll etmirlər.

Xilasedici. Mövqeyi: "İcazə ver, səni xilas edim!" Xilasedici inadla öz enerjisini digər insanları “xilas etməyə” sərf edir, bu fəaliyyəti ilə təsəlli tapır. Hər bir Xilaskarın onun altruizmini qəbul edəcək Qurbana ehtiyacı var. Onu hər şeydən əvvəl Qurban üzərində əhəmiyyəti və üstünlüyü ilə qidalandıran eqosu idarə edir. O, Qurbanın köməksiz olmasında maraqlıdır, çünki yalnız bu halda onu əbədi olaraq xilas və öz dəyərini hiss edə biləcək. Xilaskarlığı məqsədyönlü və istək əsasında həyata keçirilən real yardımla qarışdırmaq olmaz.

Üçbucağın dinamikası

Dramatik üçbucaq statik deyil, onun daxilində konflikt yetişir və inkişaf edir. Eyni adam fərqli situasiyalarda hər üç rolda çıxış edə bilər. Qisas almağa qərar verən Qurban Təqibçi ola, Xilaskar isə xilas etdiyi adamın ona kifayət qədər minnətdar olmadığını görəndə Qurbanın mövqeyinə keçə bilər.
Karpman hesab edir ki, “dram rolların müəyyənləşdirilməsi zamanı başlayır və rolun dəyişdiyi müddətdə inkişaf edir”.


Karpman öz modelini izah etmək üçün “Qırmızıpapaq” nağılını misal gətirir. Burada qəhrəman öz roluna Xilasedici kimi başlayır: o, xəstə nənəyə yemək gətirmək üçün meşəyə gedir. Nağılın gedişində qurdla qarşılaşır və vəhşi heyvanı tənhalıqdan “xilas etmək” qərarına gəlir. Söhbət əsnasında təsadüfən nənəsinin harada yaşadığını deyir. Bundan sonra Qırmızıpapaq Təqibçiyə çevrilən qurdun Qurbanına çevrilir. Bu rolda o, nənəni, sonra isə baş qəhrəmanın özünü yeyir.

Bununla nağıl (eləcə də konflikt) sanki bitməlidir. Ancaq burada yeni Təqibçi – Odunçu peyda olur. O, canavarın qarnını yarıb Qırmızıpapağı və nənəni azad edir. Qurd Qurbana çevrilir. Finalda sağ qalan Qırmızıpapağın Təqibçi olduğu ortaya çıxır və yaralı Qurdun qarnını daşlarla dolduraraq qisas alır.

İşdə Karpman üçbucağı necə yaranır

İş əlaqələri birgə layihələr əsasında qurulur. Amma bu o demək deyil ki, iş münasibətləri emosiyalardan, proqnozlardan, incikliklərdən və anlaşılmazlıqlardan xalidir. Biz işdə özümüzü sırf funksioner kimi apara bilmərik, şəxsiyyətimizi və ehtiyaclarımızı da bu və ya digər şəkildə ifadə edirik. Lazımi nəzarət olmadıqda dramatik üçbucağın tipik əlamətlərini daşıyan situasiyaya düşə bilərsiniz. Bir neçə misal gətirək:

Müdir mütəmadi olaraq tabeliyində olandan işdə qalmağı tələb edir. İşçi bundan əziyyət çəkir və işdən çıxmağı düşünür. Ona mühasibatlıqdan olan həmkarı dəstək olur, şikayətlərinə həvəslə qulaq asır, çaya qonaq edir. Burada Təqibçi-müdir, Qurban isə xoşagəlməz situasiya ilə üz-üzə qalaraq Xilasediciyə ehtiyac duyan işçidir.

Amma hər şey tam aydın olmaya da bilər. Xoş münasibət göstərən həmkar vəziyyəti olduğu kimi qəbul etməyi stimullaşdırmaqla işçini müdirə müqavimət göstərməkdən çəkindirə də bilər. O eyni zamanda Xilaskar rolundadır. Müdirə isə elə görünməyə başlayar ki, daim narazı olan işçi şikayətə və çay içməyə çox vaxt sərf edir. Odur ki, onu daha çox işləməyə məcbur etməklə cəzalandırır.


İşçilərin bəziləri boşanır, işə ruhdan düşmüş halda gəlir, həvəssiz işləyir, işdən sonra içki içir, səhərlər gecikir. Həmkarları onu Qurban kimi görür, ona rəğbət bəsləyir və işində kömək edirlər. Nəticədə, o öz durumuna aludə olmaq üçün daha çox vaxt qazanır. Həmkarların bu davranışı tipik xilasetmədir. Ancaq bu, Qurbana böhrandan çıxmaqdansa, boğulmağa kömək edir. Bundan başqa, əlavə işin altına girən həmkarlar özlərini “yandırmaq” riski ilə də üzləşirlər.

İnsanın ofisdən kənarda çətinlikləri olur: məsələn, mənzillə bağlı problemləri var və ya xəstə qohumuna baxmalıdır. Bu, emosional baxımdan çətindir və insan ən azı işdə məsuliyyətdən azad olmaq, Qurban mövqeyi qazanmaq istəyir. Rəis dövriyyəyə girir və ona güzəştlər edərək, Xilasedici olur. Ancaq işlər öz-özünə görülmür axı, onları bu vəziyyətdən məmnun olmayan həmkarlar yerinə yetirməlidir. Onlar Qurbana qəzəblənirlər və Təqibçi rolunu oynadıqları üçün münaqişə yaranır.

Bu misallar Karpman Üçbucağının bir hissəsi olmağın asanlığını göstərir. İnsanlar sosial oyunlara girərək, bunu "qarşılıqlı əlaqə qurmağın ən asan yolu" kimi görürlər. Belə oyunlara effektiv həll yolları axtarmağa güc və ya istək olmadıqda müraciət edilir.

Karpman üçbucağından necə çıxmaq olar

Əgər iş yerində birdən-birə dramatik üçbucağın rollarından birinə uyğun gəldiyinizi hiss edirsinizsə, bunu funksional və emosional tapşırıqlarınızı yoxlamaq üçün siqnal hesab edə bilərsiniz. İnsanlar dramatik üçbucaqda məhz emosional problemləri həll edirlər. Orada uzun müddət qalsanız, işə deyil, konfliktə vaxt itirmək riski var.

Məsələn, işçi yüksəlməyə layiq olduğuna inanır, lakin hələlik bu gözlənilmir. O, vaxtaşırı rəhbərliyi tənqid edir və narazılığını bildirmək üçün işini yarımçıq görməyə qərar verir. Ancaq bunun əvəzinə meneceri ilə görüşə və karyera perspektivlərini müzakirə etməyi xahiş edə bilərdi.

Başqa missal: rəqabət aparan departament rəhbərləri şirkətin baş direktorunun yeri uğrunda mübarizəyə o qədər enerji sərf edirlər ki, öz komandaları daxilindəki prosesləri gözdən qaçırırlar. Ağlabatan həll yolu mübarizənin intensivliyini azaltmaq və şöbənin real fəaliyyətini yaxşılaşdırmağa çalışmaq olardı. Nəticə etibarilə komandadakı çəkişmələr ümumi işə mənfi təsir göstərir.

İşçi-Qurban rolunu çox vaxt həyatın digər sahələrində tanınmayan insanlar oynayır. Onlar şüuralti olaraq həmkarlarından tərif gözləyirlər, çünki onlara "valideynləri" kimi baxırlar. Burada nəzərə almağa dəyər ki, bəlkə də işdəki problemləri şəxsi münasibətlər, dostların dəstəyi ilə daha effektiv həll etmək olar. Menecerin insanların psixikasının necə işlədiyini başa düşməsi və işin nəticələrinə müsbət rəy bildirməsi işçilər üçün böyük uğur və mükafatdır. Ancaq hər bir menecerin empatiya dərəcəsi fərdidir, odur ki, bəyənilmə ehtiyacınızı sadəcə müdirin tərifinə bağlamaq təhlükəsiz deyil.

Öz əhəmiyyətini hiss etmək başqa bir ehtiyacdır. Bu hal belə bir ehtiyacı olan bir insan, məsələn, həkim olmaq və həmişə xəyal etdiyi kimi insanları müalicə etmək əvəzinə, fərqli bir yol tutduqda baş verir. Nəticədə yerində olmadığı üçün o hər gün məyus olur və həmkarlarını da öz duyğularının girdabına salır. Burada da dayanmaq və nəyin dəyişdirilə biləcəyini anlamaq lazımdır.

Dramatik üçbucaqda hansı rolu oynayırsınız və bunu etmək istəyirsinizmi? Üçbucaqdan istənilən mövqedə çıxmaq olar və oradakı Qurban rolu (digər ikis də) girovluq deyil. Sizə sırınmış rollardan imtina da edə bilərsiniz: Qurban öz Xilasedicisi roluna namizədi əvvəlcədən görübsə, onun arxasınca getməyə borclu deyil.

Karpman üçbucağının tətbiqi

Karpman üçbucağı populyar psixologiyanın mövzusudur, klinik psixoloqlar bəzən ona şübhə ilə yanaşırlar. Dramatik üçbucaq insan ünsiyyətindəki böhranlı anların universal təsviri deyil, transakt analizindəki modellərdən sadəcə biridir. Bir halda parlaq şəkildə görünə, digərində isə ümumiyyətlə görünməyə bilər. Dinamik xarakterinə görə, Karpman üçbucağında rolları müəyyən etmək və bu məlumatlarla peşəkar psixoloji yardım çərçivəsində işləmək çətindir.

Ancaq bu konsepsiyanın faydalılığını qiymətləndirməmək olmaz. Qeyri-peşəkarlar üçün o, qeyri-konstruktiv davranışı aşkar etməyə və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün düzəlişlər etməyə imkan verən sadələşdirilmiş modelə çevrilə bilər.

AzVision.az


Teqlər: Psixologiya  



Xəbər lenti