Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir │ FOTOLAR

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir  │ FOTOLAR
  09 İyun 2026    Oxunub:253
İyunun 8-də Azərbaycan Turizm Bürosu tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil olunub.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev, Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Miyayloviç, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, Azərbaycan və Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluq və strateji tərəfdaşlığa əsaslanır. O bildirib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı-Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi nümayəndəsi, eləcə də “Air Serbia” təmsilçiləri daxil olmaqla Serbiyadan 30-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak ediblər. Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eləcə də Serbiya media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib, Azərbaycanın turizm məhsulları və potensialı haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı-Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 faiz təşkil edib.
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti