“Xalqla iqtidar arasında möhkəm birlik var” - İlham Əliyev

“Xalqla iqtidar arasında möhkəm birlik var” -  İlham Əliyev
  12 İyul 2015    Oxunub:2069
Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar süfrəsində çıxış edib.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və xoşbəxtlik arzulayıb. Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlət başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib.

“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur”, - deyən prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkənin bütün uğurlara nail olduğunu diqqətə çatdırıb Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlət başçısı ölkədəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğulayıb. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirib.

Dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd edib. “Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, xalqımız üçün milli mənəvi dəyərlər hər şeydən üstündür. Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlət başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırlıb.

Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən prezident İlham Əliyev öz adından və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirib.

“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, - deyən prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti