`Prezidenti əmin edirəm ki...` - Ramil Usubovun tam çıxışı

`Prezidenti əmin edirəm ki...` - Ramil Usubovun tam çıxışı
  02 İyul 2015    Oxunub:3641
“Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Milli Liderimiz Heydər Əliyev, 1998-ci ildə imzaladığı Fərmanla, iyulun 2-ni Azərbaycan Polisi günü elan edib”.

Bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis işçilərinin peşə bayramı münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib. AzVision.az nazirin tam çıxışını təqdim edir:

- Çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən bu tarix - Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlayır. Həmin dövrdən etibarən mərdlik və qəhrəmanlıqlarla zəngin bir yol keçən Azərbaycanın daxili işlər orqanları ilk müstəqil dövlətimizin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynayıb, Sovet hakimiyyəti dönəmində davamlı inkişafda olub, faşizmə qarşı müharibədə fəal iştirak edib.

Eyni zamanda, Ulu Öndərin rəhbərliyi altında keçmiş ittifaq miqyasında təşkilati cəhətdən təkmilləşmiş, yüksək peşə hazırlığı əldə edib.

Əfsuslar olsun ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaranmış gərgin ictimai-siyasi vəziyyət, o cümlədən torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, daxili çəkişmələr, özbaşınalıq, hüquq mühafizə orqanlarının iflic vəziyyətinə düşməsi və bütün bunların məntiqi nəticəsi olaraq sabitliyin pozulması - respublikamıza çox böyük zərbə vurmuş, onu vətəndaş müharibəsi və parçalanmaq həddinə çatdırmışd.

Belə ağır bir dövrdə xalqımızın tələbi ilə 1993-cü ilin iyununda respublikaya siyasi rəhbərliyə qayıdan Heydər Əliyev, Azərbaycanı bu təhlükələrdən xilas etdi. Milli Liderin qayıdışı - ölkə həyatının digər sahələri ilə bərabər, Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi oldu və sonrakı illərdə Polisin keçdiyi yolun şərəf tarixinə çevrilməsində müstəsna rol oynadı.

Ulu Öndər fəaliyyətimizin qanunçuluq, xalqa və dövlətə sədaqət, milli maraqlara xidmət prinsipləri üzərində qurulmasının möhkəm təməlini yaratdı, hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı.

1994-cü ildə qəbul etdiyi «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərman bu istiqamətdə görüləcək işlərin çox uğurlu bir başlanğıcı oldu. Şəxsi rəhbərliyi və nəzarəti altında həyata keçirilən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi.

Bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. Qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət dəyişikliklər müşahidə olundu. Belə ki, 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəldi. Ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azaldı.

Həmin illərin müsbət nəticələrindən biri də Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyə xidmət məktəbi keçmiş Azərbaycan Polisinin formalaşması oldu və bu həqiqət öz ifadəsini Ulu Öndərin fəaliyyətimizə verdiyi dəyərdə tapdı: «İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir». Müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi mərdliklə qorumuş, ən çətin anlarda Vətənə sədaqətlə xidmət etmişlər. Respublikamızın ərazi bütövlüyü uğrunda da qəhrəmanlıqla döyüşərək 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olmuş, 1710 nəfər yaralanmışdır.

Göstərdiyi şücaətə və igidliklərə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülmüşdür.

Sonrakı illərdə də daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyəti gərgin olmuşdur. Təkcə onu demək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 95 əməkdaşımız həlak olmuş, 2514 nəfər isə xəsarət almışdır.

Hamınıza yaxşı məlumdur ki, 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin vaxtdan başlayaraq cənab Prezidentin rəhbərliyi altında aparılan quruculuq işləri, islahatlar, xalqımız və dövlətimiz üçün çox mühüm olan layihələrin reallaşması - Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi.

Məhz onun təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür.

Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalanmışdır. Nazirliyin büdcəsi 11 dəfə artmış, infrastrukturu yenilənmiş, maddi-texniki bazası əsaslı surətdə təkmilləşmişdir. Struktur qurumlar, o cümlədən ərazi polis orqanları və Daxili Qoşunlar üçün 362 sosial obyekt tikilmiş, 4 mindən çox nəqliyyat vasitəsi alınmışdır.

Ölkə başçısının vətəndaşlarımızın ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsi barədə tələb və tapşırıqlarının icrası məqsədilə «102» zəng mərkəzi və «Təhlükəsiz Şəhər» sistemi, «qaynar xət»lər, veb-saytlar, habelə 40-dan çox informasiya resursu yaradılmışdır.

«Korrupsiyaya qarşı mübarizəyə dair» Milli Fəaliyyət Planlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin «bir pəncərə» prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülmüş və bu gün də davam etdirilir. Cərimələrin və dövlət rüsumlarının ödənilməsi elektron formada həyata keçirilir.
Fəaliyyətin nəticələri barədə əhali kütləvi informasiya vasitələri ilə məlumatlandırılır.

Ölkəmizin və cəmiyyətin intensiv inkişafı, müasir dövrün çağırış və təhdidləri - cinayətkarlığa qarşı mübarizədə davamlı təkmilləşmə tələb etdiyindən, kadrların peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm verilir. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə 7 minə yaxın əməkdaş və hərbi qulluqçu iştirak etmiş, təcrübə mübadiləsi aparılmışdır. İndi onların bir çoxu beynəlxalq təşkilatların dəvəti ilə xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Hər il onlarla gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir.

Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşlarımızın xüsusi çəkisi müstəqilliyin ilk illəri ilə müqayisədə 3,1 dəfə artaraq cari ildə 80 faizə yüksəlmişdir.

Yeri gəlmişkən qeyd edim ki, Daxili İşlər Nazirliyi üçün ixtisaslı, geniş dünyagörüşlü kadrların hazırlanmasında xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rolu olduqca böyükdür. Polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: «Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır və Polis Akademiyasında hazırlanan kadrlar əsl peşəkarlar olacaqlar». Artıq əminliklə demək olar ki, beynəlxalq təcrübəyə uyğun daim təkmilləşən Akademiya - ölkəmizin yüksək reytinqə malik ali təhsil müəssisələrindən birinə çevrilmişdir.

Bu gün, həm də, Akademiyanın məzunlarının buraxılış mərasimidir. Gənc zabitlərimiz unutmamalıdırlar ki, asayişin qorunması - sadəcə iş deyil, öz həyatlarını həsr etdikləri nəcib və çox şərəfli bir peşədir. Vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir. Odur ki, qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, vətənpərvərlik, mənəvi saflıq, ciddi nizam-intizam - fəaliyyətinizin əsas prinsipləri olmalıdır.

Akademiyanı müvəffəqiyyətlə bitirməniz münasibətilə hər birinizi, valideynlərinizi və yaxınlarınızı ürəkdən təbrik edirəm! Həmçinin, Daxili İşlər Nazirliyi üçün minlərlə ali təhsilli asayiş keşikçisi nəsli ərsəyə gətirən bu təhsil müəssisəsinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərimi bildirirəm!

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da əhəmiyyətli olmaqla xarici həmkarlarımız ilə yaranmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 92 beynəlxalq sənəd imzalanmışdır.

Möhtərəm Prezidentin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət - orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

2014-cü ildə və cari ilin ötən dövründə 65 mindən çox ərizə və şikayət araşdırılmış, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilmişdir. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüş, əksəriyyəti yerində həll olunmuşdur.

Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə - cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.

Artıq neçə illərdir ki, Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla - əksər dünya ölkələri ilə müqayisədə bir çox hallarda dəfələrlə azdır.

Bu dövrdə cinayətlərin illik orta açılması 88 faiz olmuş, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutulmuşdur. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır.

Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən mühüm işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan, özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləmiş və təsadüfi deyil ki, son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan zirvə görüşlərinin, beynəlxalq konfransların, humanitar forumların keçirildiyi qlobal mərkəzə çevrilmişdir. Bu səviyyəli tədbirlər isə, məlum olduğu kimi, yalnız, sabitliyin ən yüksək standartlarını təmin edən dövlətlərdə mümkündür.

Doğrudur, beynəlxalq tədbirlərə ev sahibliyi etmək hər bir ölkənin arzusu ola bilər, ancaq bunun üçün həmin dövlətin ictimai, siyasi, iqtisadi, mədəni həyatında nailiyyətləri, eləcə də müvafiq imkanları və şəraiti olmalıdır.

Cənab Prezident, I Avropa Oyunlarının Bakıda keçirilməsinə dair Avropa Olimpiya Komitəsinin qərarını hələ 2012-ci ildə izah edərək demişdir: «Bu tarixi qərarın gerçəkliyə çevrilməsinin səbəbi idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri, respublikamızda idmana olan qayğının yüksək dəyərləndirilməsi, ölkəmizin idman şöhrətinin artmasıdır. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim yüksələn nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, ümumxalq dəstəyi ilə həyata keçirdiyi islahatlar, genişmiqyaslı müasir infrastruktur layihələri və respublikamızda mövcud olan ictimai-siyasi sabitlikdir».

Zati-aliləri cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində, ölkəmiz, üzərinə götürdüyü öhdəliyi cəmi 27 ay ərzində yerinə yetirdi.

İlk dəfə keçirilən Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, «Bakı - 2015» dünyada ən yüksək idman standartlarını təqdim etdi. Respublikamız, onun bütün dövlət strukturları və vətəndaş cəmiyyəti üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi. Və bu ilin 12-28 iyun tarixlərində Bakıda I Avropa Oyunlarının «Sülh məşəli» alovlandı. Bütün Azərbaycanda 17 gün əsl bayram ab-havası hökm sürdü.

Əlbəttə, dövlətimizin qarşıya qoyduğu hədəflərə çatmasında son 10 ildə ölkədə idmanın inkişafı, xüsusən kütləviliyinin təmin edilməsi üçün həyata keçirilən mühüm tədbirlər, o cümlədən onlarla müasir Olimpiya mərkəzinin inşa edilib gənclərimizin istifadəsinə verilməsinin də rolu böyükdür.

Müqayisə üçün qeyd edim ki, əgər 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 23 idmançı ilə qatılan Azərbaycan bir gümüş medal qazanmışdısa, artıq Avropa Oyunlarında yarışan idmançılarımız, məlum olduğu kimi, yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazanmış, qitə ölkələri arasında ikinci yeri tutmuşlar. Ümumən, Azərbaycan, bu mühüm əhəmiyyətli tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi. Sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini nümayiş etdirdi. İyun ayının 17-də keçirilmiş rəy sorğusu da, vətəndaşlarımızın 87 faizinin Zati-aliləri cənab İlham Əliyevi dəstəklədiyini göstərdi.

Onu da qeyd edim ki, Oyunlar zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan Daxili İşlər Nazirliyinin 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələri tam yerinə yetirdi. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə keçməsi üçün digər dövlət orqanları ilə birgə təhlükəsizliyi, əmin-amanlığı fədakarlıqla qorudu, xidmətə sədaqət nümayiş etdirdi. Vətənpərvərliyi, böyük əzmi və peşəkarlığı ilə seçildi.

Möhtərəm Prezidentin sərəncamları ilə bu peşə bayramımız ərəfəsində də 41 əməkdaş orden və medallarla təltif edilmiş, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilmişdir. Fəaliyyətimizi yüksək dəyərləndirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Daxili İşlər Nazirliyinin şəxsi heyəti adından dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, hörmətli veteranlarımızı, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Bu təntənəli bayram günündə Dövlətimizin Başçısı Zati-aliləri cənab İlham Əliyevi əmin edirəm ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən ali etimadı - xalqına, Vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır!


Teqlər:





Xəbər lenti