Deputatlardan kimlər oruc tutacaq? - Sorğu

Deputatlardan kimlər oruc tutacaq? - Sorğu
  18 İyun 2015    Oxunub:11512
“Həyat yoldaşım həcixanımdı, oruc tutmağı fikirləşmirəm...”

Bu gündən Ramazan ayı başlayır. Müsəlmanlar üçün müqəddəs hesab olunan bu ayda insanlar oruc tutub, niyyət edirlər.

Onlar arasında sıravi vətəndaşlarla yanaşı, bir sıra dövlət məmurları da var. Maraqlıdır, müxtəlif qanunlar qəbul edib müzakirələr aparan millət vəkilləri oruc tutacaqlarmı?

AzVision.az bu sualla deputatlara müraciət edib?

Millət vəkili İlyas İsmayılov bildirib ki, oruc tutub -tutmamağa hələ də qərara verməyib.

“Müəyyən etməmişəm. Bəlkə tutdum, bəlkə də tutmadım. Səhhətim yaxşıdır, sadəcə hələ fikirləşirəm”.

Xanım deputat Jalə Əliyeva isə hər il olduğu kimi bu il də oruc tutacağını deyib: “Allah izin versə, bu il də oruc tutacağam. Hər il tam 30 gün olmasa da, müəyyən günlər oruc saxlayıram. Səhhətim və şəraitim imkan verəndə çalışıram ki, əməl edim. Allah hər kəsin, orucunu, niyyətini qəbul etsin”.

Deputat Fazil Mustafa hesab edir ki, oruc hər bir müsəlman üçün vacib əməldir: “Hər il olduğu kimi, bu il də qaydasında oruc tutacağam. İnanın ki, ən məsuldar və enerji ilə çalışdığım ay Ramazan ayı olur. Ümid edirəm ki, bu ilin Ramazanını da Allahın köməyi ilə daha sağlam və faydalı keçirəcəyik”.

Ramazan ayının başlanması münasibəti ilə hamını təbrik edən deputat Fəzail Ağamalı isə səhhətinə görə oruc tuta bilmədiyini söyləyib.

“Allah oruc saxlayanların orucunu qəbul etsin. Məndə təzyiq var, dərmanlar qəbul edirəm deyə oruc tutmuram. Namaz da qılmıram. Müsəlmanam, ancaq dindar deyiləm, Allahıma inanıram”.

Milli Məclis üzvü Rasim Musabəyov da həmkarı kimi səhhətində problem olduğunu deyib: “Mənim mədəmdə problemim var. Oruc tutmaq qadağandır. Kim tutursa, Allah qəbul etsin. Mən heç əvəllər də tutmamışam”.

Deputat Çingiz Qənizadə iftar süfrəsi açsa da oruc tutmur “Həkimlər mənə gün ərzində 5-6 dəfə yeməyi məsləhət bilirlər. Buna görə də oruc tutmuram. Ancaq bu bir ay müddətində imkanım olduqca oruc tutanlara dəstək oluram. Hazırda Ağdaşdayam. Mənim adımdan burada qurban kəsilib, insanlara paylanıldı. Ailəmizdə oğlum və gəlinim bir neçə ildir ki, oruc tuturlar”.

Millət vəkili Gülçöhrə Məmmədova isə səfərlərə getdiyi üçün oruc tutmağa imkanı olmadığını bildirib: “Oruc tutmuram. Tutmağı da planlaşdırmıram. Çünki səfərlərimoruc tutmağa imkan vermir”.

Həmkarlarından fərqli olaraq deputat Hadi Rəcəblinin səhhəti oruc tutmağa imkan verir: “Yoldaşım və qızlarım həcixanımdılar. Evimizdə hamı oruc tutur. Mən özüm də tutacağam. Hər il 4-5 dəfə iftar süfrəsi verirəm. Bu ildə Lənkaranda iftar süfrəsi verəcəyəm”.

Deputat Elton Məmmədov isə bu barədə danışmağı düzgün hesab etmir: “Hər kəs bunu gizli etməlidir, Allah rizası üçün olmalıdır. Hər şeyi Allah görən və biləndir. Ona görə də bunu açıqdan səsləndirməyi məqsədə uyğun hesab etmirəm”.

Millət vəkili Eldar İbrahimov isə oruc tutacağını hələ müəyyənləşdirməyib: “Oruc tutanların hamısının orucunu Allah qəbul etsin. Hələ fikirləşirəm. İnşallah, imkan olduqca, sağlamlığım yol verdikcə arada tutacağam”.

Xanım deputatımız Flora Qasımovaya həkimlər səhhəti ilə bağlı oruc tutmağı qadağan ediblər.
“Çox istəyərdim ki, oruc tutum. Ancaq mədəmdə problem olduğundan həkimlər məsləhət görüblər ki, gün ərzində bir neçə dəfə yemək yeyim”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti