Artur Rasizadə prezidentlə görüşdü

Artur Rasizadə prezidentlə görüşdü
  14 Aprel 2015    Oxunub:1820
Bu gün baş nazir Artur Rasizadə Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun başçılığı ilə nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı Azərbaycan-Tatarıstan əlaqələrinin fəal inkişaf etməkdə olduğunu vurğulayan Artur Rasizadə Tatarıstan prezidentinin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətinin bu səfərinin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əminliyini bildirib.

Tatarıstanla neft-kimya, maşınqayırma, məişət texnikası istehsalı, kənd təsərrüfatı, ərzaq sənayesi və digər sahələrdə əməkdaşlıq imkanlarına toxunan baş nazir qeyd edib ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında yük maşınlarının yığımı və satışı üzrə saziş imzalandıqdan keçən qısa vaxt ərzində çox iş görülüb və artıq Gəncə avtomobil zavodunun bazasında "KamAZ" markalı yük maşınlarının yığım xətti açılışa tam hazırdır.

Tatarıstan prezidenti Azərbaycanın dinamik inkişafının Tatarıstanda böyük maraqla izləndiyini və müstəqil respublikamızın son illərdə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, Tatarıstan Respublikasının Cənubi Qafqazda etibarlı tərəfdaş kimi Azərbaycan ilə daha sıx münasibətlərdə maraqlı olduğunu, səfər çərçivəsində iqtisadi, ticarət, mədəni, sosial və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələrin də aparılacağını söyləyib.

Qəbul zamanı faydalı əməkdaşlığın bir sıra aspektlərinə dair geniş fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti