Prezidentin qaldırdığı məsələ: “Yaşıl market”lər nə üçündür?

Prezidentin qaldırdığı məsələ: “Yaşıl market”lər nə üçündür?
  30 Yanvar 2015    Oxunub:21294
“Bakı şəhərində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti ilə 4-ə yaxın “Yaşıl market” tikilir”.

Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistika şöbəsinin müdiri Firdovsi Fikrətzadə deyib. Onun sözlərinə görə, adıçəkilən marketlər müasir biznes infrastrukturuna malik ticarət obyektləri olacaq:

“Kənd təsərrüfatının inkişafı baxımından bazar infrastrukturunun inkişaf etdirilməsi aqrar islahatların prioritet məsələlərindən biri kimi müəyyənləşdirilib. “Yaşıl market”lər şəbəkəsinin genişləndirilməsi kənd təsərrüfatı məhsulları üçün satış imkanlarını genişləndirir. Kənd təsərrüfatı məhsullarını istehsal etmək bir aktual məsələdirsə, digər aktual məsələ də həmin məhsulların əlverişli satışı baxımından bazar infrastrukturunu inkişaf etdirməkdir. Bu baxımdan “Yaşı market”lər şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, həmin marketlərdə kənd təsərrüfatı məhsullarının satış imkanları daha da yaxşılaşdırılacaq”.

Şöbə müdiri bildirib ki, 2014-cü ildə ölkə başçısı tərəfindən bəyan olunmuş aqrar islahatların müasir mərhələsinin əsas istiqamətlərindən biri də kənd təsərüffatı bazarlarının inkişaf etdirilməsidir:

“Bunun bütün regionlar üzrə inkişaf etdirilməsi nəzərdə tutulub. “Yaşıl market”lərin Bakı şəhərində inkişaf etdirilməsi aqrar siyasətin əsas hissəsini təşkil edir. Bu işlər regionlarda da davam etdiriləcək. Regionlarda tək “Yaşıl Market” şəbəkəsi deyil, həmçinin kənd təsərrüfatı məhsullarının satışında ixtisaslaşdırılmış topdan satış mərkəzlərinin və logistik mərkəzlərin genişləndirilməsi nəzərdə tutulub. Bu proses davamlı şəkildə həyata keçiriləcək”.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə fikirlər bildirib.

Ölkə başçısı qeyd edib ki, “Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti