"Cənub qaz dəhlizi"nin həyata keçirilməsi üçün çalışırıq

"Cənub qaz dəhlizi"nin həyata keçirilməsi üçün çalışırıq
  15 May 2013    Oxunub:1167
"Ümid edirik ki, gələn illərdə biz ölkəmizdə daha çox şirkət görəcəyik, çünki gələcək üçün planlarımız az deyildir".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Avstriya-Azərbaycan biznes forumundakı çıxışı zamanı bildirib:

"Mənə ölkənizə səfər etmək, fəal siyasi dialoqu davam etdirmək və işgüzar dairələrlə görüşmək fürsəti yaratdığına görə Prezident Fişerə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün bizim bir çox məsələləri, o cümlədən iqtisadi əməkdaşlığı müzakirə etdiyimiz çox məhsuldar görüş və müzakirələrimiz oldu. Nəticələrimiz yaxşıdır. Ümidvaram ki, bu görüşdən sonra iqtisadi işbirliyimiz daha fəal olacaqdır.
Coğrafi baxımdan biz bir-birimizə o qədər də yaxın deyilik. Lakin deyə bilərəm ki, Avstriya və Azərbaycan arasında məsafə o qədər də böyük deyildir. Ümumiyyətlə, siz səhər yeməyini Bakıda, naharı Vyanada, şam yeməyini isə yenidən Bakıda yeyə bilərsiniz. Lakin əlbəttə ki, təyyarəyə minmək şərti ilə. Lakin qəlblərimiz arasında məsafə lap qısadır, çünki həqiqətən biz Avstriyada özümüzə əsl dost və tərəfdaş qazanmışıq. Biz onlarla əlaqə saxlayırıq, işləyirik, gələcək layihələrimizi planlaşdırırıq, iqtisadi əməkdaşlıq qururuq. Müsbət iqtisadi əməkdaşlığa dair bir çox misallar gətirə bilərik. Biz yeni Azərbaycan manatının dizaynını tərtib etmiş cənab Kalinaya çox minnətdarıq. Ölkəmizdə pul islahatı həyata keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir. Ola bilsin ki, ikitərəfli əməkdaşlığımızın buna da təsiri olub".

İlham Əliyev bildirib ki, hazırda Azərbaycanda çoxlu sayda Avstriya şirkəti işləyir və ölkəmiz üçün mühüm layihələri uğurla həyata keçirir:

"Burada olduqca geniş sahələri əhatə edən layihələr nəzərdə tutulur. Bu gün biz bu mövzunu qısaca müzakirə etdik və bildirdik ki, əməkdaşlıq etdiyimiz çoxsaylı sahələri yox, iş aparmadığımız az sayda sahələri qeyd etmək daha asandır. Avstriya şirkətləri peşəkar, bacarıqlı şirkətlərdir və çox gözəl zövqləri ilə seçilirlər. Onların Azərbaycanda layihələndirdikləri və tikdikləri memarlıq binaları adi binalar deyildir. Bunlar elə binalardır ki, hamı onları görə biləcəkdir. Məsələn, bu, Bakının yeni Beynəlxalq Hava limanıdır, yaxud bu, Bakı Xalça Muzeyidir. Azərbaycanın rəmzi olan Qız qalasının bərpası və yenilənməsi də Avstriya mütəxəssisləri tərəfindən aparılır. Bu, aramızda olan ən yüksək etimad səviyyəsidir, çünki Qız qalası bizim üçün böyük məna daşıyır. O, özünəməxsusluğumuzun, memarlığımızın və mədəniyyətimizin əsl rəmzidir.
Əməkdaşlığımız üçün sahələr çoxdur. Avstriya şirkətləri mehmanxanalar, xizəksürmə və istirahət yerləri tikirlər, müxtəlif layihələrdə iştirak edirlər. Ümid edirik ki, gələn illərdə biz ölkəmizdə daha çox şirkət görəcəyik, çünki gələcək üçün planlarımız az deyildir.
Dövlət sərmayə proqramımız genişlənir. Ötən il Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Biz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş sovet məkanında aparıcı ölkəyik. Sərmayə mühiti olduqca müsbətdir. Biz daha çox Avstriya şirkətini sərmayədar və podratçı kimi görmək istərdik. İnfrastruktur layihələri ilə bağlı məsələlərin həllində də biz həmin şirkətlərlə birgə işləyə bilərik, çünki Azərbaycan hazırda sürətlə müasirləşən ölkədir. İnfrastruktur, xidmətlər modernləşir və avstriyalı həmkarlarımızın yaxşı idarəçilik təcrübəsi və ekspert bilikləri bizim üçün çox qiymətlidir".

İqtisadi göstəricilərə gəldikdə, İlham Əliyev deyib ki, hazırda iqtisadiyyatımız əvvəlkindən daha çox şaxələndirilmişdir:

"Enerji sektorundan asılılığın aradan qaldırılması işi uğurla aparılır. 2013-cü ilin ilk üç ayında qeyri-enerji sektorunda ümumi daxili məhsulun artımı 11 faizdən çox olmuşdur. Azərbaycan ümumi daxili məhsulla nisbətdə bəlkə də ən az xarici borcu olan ölkələrdəndir və onun səviyyəsi cəmi yeddi faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Son on il ərzində inanılmaz iqtisadi artım olmuşdur. Bu, əsasən enerji sektoru ilə şərtlənir. Lakin tək bu deyildir. Biz iqtisadiyyatımızı üç dəfə artıra bildik. Bu, bizə əvvəlcə üzləşdiyimiz işsizlik və yoxsulluq problemini əsasən həll etməkdə yardımçı olmuşdur. On il əvvəl əhalimizin 50 faizi yoxsulluq şəraitində yaşayırdı. Hazırda, bu, cəmi altı faizdir. İşsizlik 5,2 faizdir. Biz, həmçinin Dövlət Neft Fondunu yaratmaqla, milli sərvətlərin ədalətli bölüşdürülməsinə nail olmuşuq. Yeri gəlmişkən, bu Fond dünyada ən şəffaf fondlardan biridir və o, hazırda xaricdə də sərmayə yatırmağa başlayıb.
Biz Azərbaycanda olduqca şəffaf maliyyə vəziyyətini yarada bilmişik. Gələcək planlarımıza gəldikdə, biz müasirləşdirməni davam etdirəcəyik. Hazırda, Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələrini həyata keçiririk. İqtisadiyyatımızın yeni sektorlarına fəal qaydada sərmayə yatıracağıq. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi nəzərdə tutulur. Bu ilin fevralında "Azərspace-1" adlanan ilk Azərbaycan peykini fəzaya buraxdıq. O, artıq orbitdədir. Hazırda, kosmos sənayesini inkişaf etdiririk. Başqa sözlə, biz nəzərimizi regionun hüdudlarından, neft və qaz sektorundan kənara yönəltmişik, enerjinin inkişafımıza verdiyi təkan əvvəllər bəzi təhlilçilərin proqnozlaşdırdığı "holland sindromu"ndan və neft bəlasından bizi sığortaladı.
İqtisadi strategiyamızı elə planlaşdırırıq ki, sanki neft və qazımız yoxdur. Bu, bizə şaxələndirmək və davamlı inkişafı təmin etməyə yardım edir. Enerji əməkdaşlığına gəldikdə, bu halda da biz, həmçinin Avstriya ilə Azərbaycan şirkətləri arasında fəal və məhsuldar münasibətlərə malikik. Ümid edirik ki, gələn illər ərzində bu əlaqələr strateji xarakter alacaqdır.
Bizim çox yaxşı qarşılıqlı anlaşmamız vardır. Avropa İttifaqı-Azərbaycan anlaşması da əvvəllər daha çox enerji ilə bağlı idi. Hazırda, bu, daha geniş vüsət alıb, lakin başlanğıcda enerji əməkdaşlığı dayanırdı. Azərbaycan öz neftini Avropa bazarlarına nəql edir. Bu, bəzi ölkələrin enerji balansında önəmli yer tutur, yəni 30-40 faiz təşkil edir. Qazın nəqlinə gəldikdə, əgər əlbəttə ki, hər şey planlarımıza uyğun gedərsə, Azərbaycan qazı 4-5 ildən sonra Avropa İttifaqının bazarına çıxarılacaqdır. Bu isə, regionun enerji xəritəsini tamamilə dəyişəcəkdir".

Dövlət başçısının sözlərinə görə, daşıma, neft və qaz boru kəmərləri layihələri ilə bağlı təşəbbüslərimiz regional əməkdaşlığa, sabitliyə və proqnozlaşdırmaya xidmət edir:

"Fikrimcə, biz hasilatçılar, tranzit ölkələr və istehlakçıların maraqları arasında yaxşı tarazlıq tapmışıq. Enerji siyasətimiz və diplomatiyamız əməkdaşlıq formatına əsaslanır. Tam əminik ki, rəqabət və ədalətsiz yarışma ilə deyil, yalnız əməkdaşlıq yolu ilə məqsədlərimizə çata bilərik.
Avropa İttifaqı Azərbaycanı "Cənub qaz dəhlizi"nin əsas qüvvəsi və töhfə verən tərəf hesab edir. Bir daha qeyd edirəm, biz bu layihələri Xəzərdə başlamağımızdan, Xəzər dənizinin enerji resurslarını dünyada ilk dəfə olaraq əməkdaşlığa açıq etməkdən fərəhlənirik. Hazırda isə, biz Avropadakı tərəfdaşlarımızla, o cümlədən avstriyalı dostlarımızla dünyanın ən mürəkkəb, mühüm və perspektivli enerji layihələrindən birinin - "Cənub qaz dəhlizi"nin həyata keçirilməsi üçün çalışırıq.
Eyni zamanda, bir daha qeyd etmək istəyirəm, bizim üçün və hökumətimiz üçün qeyri-enerji sektoru prioritetdir. Mən Azərbaycanda hələ işləməyən yeni Avstriya şirkətlərini bizimlə işləmək üçün ölkəmizə dəvət etmək istəyirəm. Böyük planlarımız vardır. Gələcək üçün iri sərmayə proqramlarımız vardır. Avstriya şirkətləri artıq bizim etibarlı, etimadlı tərəfdaşlarımıza çevriliblər. Peşəkarlıq, keyfiyyət, zövq, gözəllik və yaradıcılıq fəaliyyəti. Fikrimcə, Avstriya şirkətlərinə biz bu meyardan baxırıq. Onlar Azərbaycanda xüsusi yer tuturlar . Azərbaycanın bəzi rəmzləri ilə bağlı ən mürəkkəb və mühüm layihələr avstriyalı mütəxəssislər tərəfindən həyata keçirilir. Biz bu dəstəyə, Azərbaycanın müasirləşdirilməsinə yönələn səylərə görə minnətdarıq. Ümidvaram ki, bu məhsuldar əməkdaşlıq uğurla davam edəcəkdir. Xüsusən də, hər iki Prezident iki ildən az müddətdə artıq ikinci dəfədir ki, işgüzar dairələri bir-birinə yaxın olmağa həvəsləndirir".


Teqlər:  





Xəbər lenti