Bloomberg: “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq”

      Bloomberg:    “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq”
  14 Yanvar 2025    Oxunub:425
Bu qışı başa vurmaq üçün Avropanın kifayət qədər qaz ehtiyatına malik olmasına və qiymətlərin ilin əvvəlindən aşağı düşməsinə baxmayaraq, onun enerji çatışmazlığı ilə üzləşmək riski var. Nəticə etibarı ilə dünyada mayeləşdirilmiş təbii qazın bütün əlavə həcmi Avropanın ehtiyatlarını artırmaq üçün istifadə olunacaq.
“Bloomberg” agentliyinin məlumatına görə, enerji qıtlığı yaşayan Avropa qaz uğrunda qlobal mübarizə təxribatı törətmək təhdidi yaradır ki, bu da Asiyadan Cənubi Amerikaya qədər daha zəif inkişaf etməkdə olan ölkələri bazardan kənarlaşdıra bilər.

“Ukraynada hərbi əməliyyatlar səbəbindən enerji böhranı başlayandan bəri ilk dəfə olaraq, Avropa gələn qış üçün qaz anbarlarını doldurmaq planını yerinə yetirməmək riski ilə üzləşir. Çünki soyuq havalar qaz ehtiyatlarının həcmini azaldır”, - agentlik yazır.

Ötən həftə soyuq hava səbəbindən Avropa qaz ehtiyatlarını əvvəlki 7 ildəkindən daha tez istifadə etdiyi bildirilmişdi. Əgər keçən ilin müvafiq dövründə anbarlar 86% dolu idisə, indi bu ehtiyatlar cəmi 70% təşkil edir.



Bundan əlavə, Rusiyanın “Qazprom” inhisarçısının Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqaviləsi başa çatıb və qazın nəqli yanvarın 1-dən dayandırılıb. İndi Avropa İttifaqına (Aİ) yeganə tranzit marşrutu Türkiyədən keçir. Maraqlıdır ki, bu fonda ötən həftə Avropada qazın qiyməti 31 dekabr 2024-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Hərçənd, bundan əvvəl qazın məzənnəsi Rusiya qazının Ukrayna ərazisindən tranzitinin gözlənilən dayanması fonunda artmışdı.

- Çox güman ki, Avropa bu il enerji çatışmazlığı yaşayacaq. Bu o deməkdir ki, bu il bazarlara çıxarılacaq maye qazın bütün əlavə həcmi Rusiya qazının əvəzini ödəmək üçün yaranan qıtlığın doldurulmasına sərf ediləcək”, - “Bank of Amerika” maliyyə qurumunun analitiki Fransisko Blanş vurğulayıb.

“MST Marquee” şirkətinin analitiki Saul Kavonikin fikrincə, yaranmış tələbatı ödəmək üçün Avropa ildə təxminən 10 milyon ton əlavə maye qaz idxal etməlidir ki, bu da 2024-cü ildəkindən təxminən 10% çoxdur.

Gələn qış üçün tədarükləri artırmaq variantları daha az olduğundan Avropanın maye qaz təchizatının bir hissəsi dünyanın ən böyük istehlakçılarının cəmləşdiyi Asiyadan gələcək. Tələbin necə formalaşmasından asılı olaraq rəqabət Hindistan, Banqladeş və Misir kimi ölkələrin ödəyə biləcəyindən daha yüksək qiymətlərə təkan verəcək və Almaniyanın iqtisadi bərpasını əngəlləyəcək.

“Asiyada da spot maye qaz iymətlərinə təsir göstərən Avropadakı qaz fyuçersləri hələ də keçən illə müqayisədə təxminən 45% yüksəkdir. Asiya-Sakit Okean ehtiyatları tükənərsə, bu, rəqabət üçün əlavə yükə çevriləcək və qiymətlərlə bağlı vəziyyət daha da ağırlaşacaq”, - enerji satışları üzrə “Poten & Partners Inc” şirkətinin analitiki Ceyson Fir iddia edib.

Asiyanın inkişaf etməkdə olan ölkələri ilə yanaşı, Cənubi Amerika dövlətləri, xüsusən Argentina da qarşıdan gələn istilik mövsümündə maye qaz uğrunda rəqabətə girə bilər. Həmçinin, Misir də risk altındadır: ölkə keçən il yayda baş verən kəsilmələr fonunda maye qaz ixracatçısından idxalçıya çevrildi və onun alışları 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatdı.

Bu məsələdə ümidverici məqam maye qaz istehsalçılarının bəzi hallarda istehsal gücünü artıra biləcəkləridir. Məşhur “Kpler” analitik mərkəzinin proqnozlarına görə, bu il ABŞ-nin maye qaz ixracının təxminən 15% artacağı gözlənilir. Belə ki, “Venture Global LNG Inc” şirkətinin “Plaquemines LNG” zavodu və “Cheniere Energy Inc” şirkətinin “Corpus Christi LNG” zavodları istehsalı artırırlar. Bununla belə, “Cheniere Energy Inc” şirkəti artımın bu il “nisbətən yavaş” gedəcəyi barədə xəbərdarlıq edib.


Hələlik maye qaz tədarükünü Avropaya güzəştə getmək üçün Asiyanın da kifayət qədər imkanları var. Çinin maye qaz idxalçıları aldıqları məhsulu yenidən satır və onu qiymətlərin daha yüksək olduğu spot bazarlarında almağı dayandırıblar. Hindistanın qaz idxalçıları daha ucuz alternativlərə müraciət ediblər. Qiymətlərin çox yüksək olduğunu görən Banqladeş tenderləri tənzimləmək məcburiyyətində qaldı. Misir isə “qazoyl”a (“qaz yağı”-neft emalı məhsulu, əsasən karbon atomlarının sayı 10-dan 40-a qədər olan maye karbohidrogenlərin qarışığı və çirkləri) keçib.

“Mövcud maye qaz istehsalını artırmaq planları özünü doğrultsa, 2026-cı il qaranlıq tunelin sonunda işıq olacaq”, - “Rabobank”ın analitiki Florens Şmit vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Vaşinqtonun təhrikinə və təzyiqlərinə duruş gətirə bilməyən Aİ Rusiyadan aldığı ucuz təbii qazın həcmini kəskin surətdə azaltdı. Baltik dənizinin dibindən keçməklə Rusiya qazını Almaniyaya çatdıran “Şimal axını -1” və hələ istifadəyə verilməmiş "Şimal axını - 2" kəmərlərinin 2022-ci il sentyabrın 26-da partladılması isə Avropanın qaz təchizatı problemini daha da gücləndirdi. Lakin Vaşinqtonun, Rusiya qazından baha da olsa, Avropaya istənilən qədər maye qaz satacağı barədə vədi avropalıların narahatlığını xeyli səngitdi. Son iki ildə isə, mövcud reallıqla barışan Avropa, demək olar ki, Rusiyadan kiçik həcmdə qaz alışına tam uyğunlaşdı.

Bununla belə, yanvarın 1-dən isə Kiyevin qərarı ilə Ukrayna ərazisindən keçməklə Rusiya qazını Avropaya nəql edən kəmərin fəaliyyətinin tamamailə dayandırılması qaz tədarükü məsələsində hələ də Moskvadan asılı olan Slovakiyaya ciddi problem yaradıb. Aİ-nin daha iki ölkəsi – Macarıstan və Serbiya Rusiya qazını “Türk axını” kəməri vasitəsi ilə alsalar da, yaranan əngəllər onlıarın elə də böyük olmayan büdcələrinə ciddi təzyiq göstərir.

Bu baxımdan, artıq Avropanın enerji təhlükəsizliyinin təminatında vacib aktorlardan birinə çevrilmiş Azərbaycanın “qoca qitə”yə təbii qaz tədarükünü artırması perspektivi günün aktual məsələlərindən birinə çevrilib. Serbiya prezidenti Aleksandr Vuçiçin fors-major səbəblər üzündən Azərbaycan qazının bu ölkəyə tədarükündə fasilə yarana biləcəyindən narahatlığını izhar etməsi heç də təsadüfi deyildi.


Eyni zamanda, Azərbaycan qazının Ukrayna ərazisindən keçməklə Slovakiya da daxil olmaqla, bir neçə Avropa ölkəsinə nəqlinin onların problemlərini həll edə biləcəyi məsələsi də müzakirə mövzusudur. Hərçənd, bunun texniki baxımdan necə həyata keçirilməsi ilə bağlı ciddi suallar var. Amma maye qaz uğrunda başlaya biləcək mübarizənin bu suallara da cavab tapılmasına təkan verəcəyi istisna deyil.

Avropanın ucuz qazla təchizatı probleminin həllinin daha bir mümkün yolu Qətər qazının Suriya ərazisindən keçməklə “qoca qitə”yə çatdırılmasıdır. Hələ 2009-cu ildə Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Vaşinqtonun bu barədə təklifini Moskvanın təkidi ilə rədd etmişdi. İndi isə Suriyada kollektiv Qərbin xeyir-duası ilə hakimiyyətə gələn iqtidarın bu layihəni reallaşdıracağı heç bir şühbə doğurmur.

Yeri gəlmişkən, Almaniya və Fransanın Xarici İşlər naizrləri Annalena Berbok və Jan-Noel Barronun təxminən 10 gün əvvəl Dəməşqə səfər edərək, Suriyanın yehi hakimiyyəti ilə “yeni siyasi dialoq” qurmasını şərtləndirən əsas amillərdən biri də, məhz həmin layihəni canlandırmaq cəhdidir.


Bu, ilk növbədə, Aİ-nin yenidən ucuz təbii qazla təchizatına və birliyə daxil olan aparıcı ölkələrin, xüsusən də Almaniya iqtisadiyyatının üzləşdiyi çatinliklərin aradan qaldırılmasına imkan yaradacaq. 2030-cu illərdə Avropanın tamamailə “yaşıl enerji”yə keçməsi konsepsiyası çərçivəsində böyük həcmdə idxal olunacaq Qətər qazından “mavi hidrogen” istehsalı perspektivi də bu layihənin reallaşdırılmasını zəruri edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   mayeqaz   mübarizə  





Xəbər lenti