“Gözləmirdim... Prezident əlimi sıxdı və dedi ki...”

“Gözləmirdim... Prezident əlimi sıxdı və dedi ki...”
  14 May 2013    Oxunub:5602
Mənsum İbrahimov: “Həyatda yalnız bir Leylim olub”
-Salam, Mənsum müəllim
- Əleykum salam
- Sizinlə “Azvision.az” saytı üçün müsahibə istəyimizə nə deyərsiniz?
-Əlbəttə, ola bilər.


Bu, müsahibimlə “facebook” dialoqumuzun başlanğıcı idi. Əslində onun Mənsum İbrahimov olduğuna ta ki, görüşünə qədər tam əmin deyildim. Çünki müsahibələrinin birində “mən facebookdan istifadə etmirəm, mənim adımdan kimlərsə səhifə açırlar” –demişdi. Ancaq o, özü idi – xalq artisti, proffessor, “Şöhrət” ordenli, ancaq bütün titullarına rəğmən, şöhrət marağında olmayan, sadə və səmimi Mənsum İbrahimov. Elə söhbətimiz də səmimi alınıb:

- Məcnunluğa necə başladınız?
- Bu, mənim üçün çox müqəddəs bir sualdı. Bu obraz mənim həyatımda bir dönüş yaradıb. Adətən operaya tanınmış şəxsləri, sənətdə öz sözünü deyənləri dəvət edirlər ki, tamaşaçı həmin tanınmış ifaçıya görə tamaşaya gəlsin. Lakin məndə əksinə olub. Mən bu obraza görə tanınmışam. Onu da qeyd eləyim ki, muğamla, xüsusi ilə opera ilə tanınmaq heç də asan məsələ deyil. O vaxtı Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı muğam müsabiqəsi keçirilirdi və mən həmin müsabiqədə iştirak edərək ilk yeri qazandım. Təbii ki, o vaxt indiki kimi reklam, təbliğat və efirlərə çıxmaq imkanı yox idi. Mənə həmin müsabiqənin diplomunu xalqımızın böyük sənətkarı Şövkət Ələkbərova verdi. Şövkət xanım daha sonra məni öz sinfinə dəvət etdi və mən onun sinfinə gedib gəlməyə başladım, beləliklə, münasibətimiz yaranmağa başladı.
Şövkət Ələkbərova çox gözəl insan idi. Bilirisiniz, yaxşı sənətkarlar çoxdu, amma həm yaxşı insan, həm də yaxşı sənətkar olanlar azdır. Şövkət xanım gənclərə təmənnasız kömək ediridi, çox vaxtı səhhətində problem olduğundan dərsləri evində keçirdi. Evinə gələn, dərsdən çıxan tələbələri yedirtməmiş buraxmazdı... Bir dəfə Şövkət xanım söhbət əsnasında mənə ded ki, səndən yaxşı Məcnun olar. Sənin səsin, görkəmin bu obraz üçün çox uyğundu. Açığı, heç fikirləşməmişdim, düşünürdüm ki, mən hələ bunu bacarmaram və qorxu hissi yaşayırdım.
Şövkət xanım özü məni Opera teatrına gətirdi və Bədii Şuaradan keçərək işə qəbul oldum. İlk rolum isə Zeyd obrazı olub. Ümumiyyətlə isə ilk illər daha çox kiçik rollar, epizodik səhnələr oynayırdım. Amma həmişə Məcnunun həsrəti ilə yaşamışam. İlk dəfə Məcnun rolunu ifa etmək üçün 8 ay məşq eləmişik. O vaxtı teatrın rəhbəri Hafiz Quliyevlə birgə girirdik teatra, hamı gedəndən sonra pərdələri bağlayırdıq və 6-7 saat sərasər məşqlər edirdik. Ayılırdıq ki, artıq gecə düşüb və mən həmin ərəfədə məşqlərdə o qədər tərləyirdim ki, bir neçə dəfə ağır xəstələnmişdim. İlk Leylim isə Gülyaz xanım Məmmədova olub. Elə o səhnəyə çıxandan ta bu günə qədər səhnədəyəm. Şükür ki, zəhmətim hədər getməyib, tamaşaçı məni belə qəbul edib. Artıq 20 ildir mən bu obrazı sevə-sevə ifa edirəm, özümü buna görə çox xoşbəxt hiss edirəm və bu obraz mənim idealımdır. Mən həmişə deyirəm ki, yaradanımızın həyatda yaratdığı hər bir şeyin mən Məcnunuyam. Təbiətin, vətənimin, valideynlərimin, övladlarımın, dostlarımın, Qarabağımın Məcnunuyam mən.

- Neçə Leyliniz olub?
- Ən çox Leylisi olan mən olmuşam. İndiyə qədər 7 Leylim olub. Hamısı da xalqımız tərəfindən çox sevilən, dövlətimiz tərəfindən fəxri adlara layiq görülən sənətkarlarımız olub. Səkinə İsmayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova, Aygün bayramova, Simarə İmanova, Gülüstan Əliyeva, Gülyaz Məmmədova. Hər biri həqiqətən xalqımızın ən gözəl və qaymaq sənətkarlarıdır. Bəzən sual verirlər ki, hansılar daha yaxşı olub? Amma hər gülün öz ətri olduğu kimi, hər ifaçının da özünəməxsus səsi, nəfəsi var. Amma oxuduğum tamaşaların 80 faizini Nəzakət Teymurova ilə oxumuşam.

- Onda belə çıxır ki, Məcnundan fərqli olaraq, siz yeddi Leyli üçün ölmüsünüz?
- Yox, belə deyək də, səhnədə mənim yeddi Leylim var, amma həyatda yalnız bir Leylim var. Və mən təbii ki, ömrümün sonuna kimi ona sadiqəm – o, mənim həyatdakı Leylim və övladlarımın anasıdır. Mən hər bir Azərbaycanlıya bax belə gözəl ailə arzulayıram. Mən ailəmlə fəxr edirəm. Onu da deyim ki, mənim içimdə Leylimə olan Məcnunluq olmasaydı, 20 il səhnədə dözə bilməzdim.

- 100 illiyin tamaşasını da siz oynamısınız.
- Bəli, xoşbəxtəm ki, 100 illiyi mən oxumuşam. Həm Bakıda, həm də YUNESCO-nun səhnəsində. Bax bu əsl tarixdir.

- Siyasətlə necə maraqlanırsınız?
- Təbii ki, maraqlanıram. Çünki, mən hər şeydən öncə Azərbaycan vətəndaşıyam. Xüsusi olaraq da deyim ki, mənim doğulduğum torpaqlar indi işğal altında olduğu üçün mən siyasətlə maraqlanmaya bilmərəm. Təbii ki, bu gün hər kəs o torpaqların ağrısını çəkir, lakin o torpaqlarda doğulanlar isə ikiqat çəkir. Təəssüf ki, səsimi qazandığım Qarabağdan artıq səs gəlmir. Ona görə də mən vətənimin vətəndaşı kimi siyasətlə daha yaxından maraqlanıram. Düşünürəm ki,əslində hər kəs vətəninin, torpağının inkişafı üçün əlindən gələni əsgirməməlidir. Bu baxımdan mən qrupumun adını Qarabağ qoymuşam.
Xarici ölkələrdəki çıxışlarımda konsertlərə gələn hər kəs Qarabağ qrupunu və hər konsertin sonunda ifa etdiyimiz Qarabağ şikəstəsini dinləməli olurlar, hətta mənfur qonşularımız belə. Bilirsiniz, bunların hər biri ölkəmizin, Qarabağımızın tanınması üçün çox optimal vasitələrdir. Bir sözlə mən də musiqiçi kimi silahım səsim olduğu üçün hər yerdə səsimlə döyüşürəm.

-Münaqişənin həlli istiqamətində aparılan hazırkı danışıqlar sizə nə deyir?
-Təbii ki, Azərbaycan əlindən nə gəlirsə, onu da edir. Çox təəssüf ki, məsələ çox qloballaşdı. Bu problem artıq böyüyərək böyük dövlətlərin inhisarına keçdi. Azərbaycan ərazi baxımdan dünyanı idarə edən dövlətlərin içərisində çox balaca bir dövlətdir. Buna baxmayaraq, Azərbaycan artıq öz sözünü deyir, bir dövlət kimi öz mövqeyini ortaya qoya bilir. Bu, hər bir cəhətdə özünü göstərir, istər siyasi, iqtisadi, mədəni. Bu danılmaz bir faktdır ki, ölkəmiz günü-gündən sürətlə inkişaf edir və biz iqtisadi gücümüzü daha çox gücləndirib,düşmənin üzərinə şığıya bilərik.

- Yəni aparılan danışıqlar içinizdə bir ümid yaradırmı?
- Əlbəttə, mən buna yüz faiz əminəm. Çünki biz bu problemi övladlarımıza qoya bilmərik. Buna ixtiyarımız yoxdu, problemi yalnız özümüz həll etməliyik. Qarabağ bizim millətimizin, dövlətimizin qürurudu. Biz qürurumuzu özümüzə qaytarmalıyıq. Mən onu bilirəm ki, bu problem xalqımızın hər bir övladını gecə-gündüz maraqlandırır. Biz Şuşasız yaşaya bilmərik. Üzeyir bəyin ruhu göylərdə narahatdı. O torpaqlar bizə yox, biz o torpaqlara getməliyik. Mən sözün əsl mənasında, Qarabağın, o torpaqların Məcnunuyam.

-Bu sualımıza cavabınız mübahisələr son qoymaq baxımından əhəmiyyətli olacaq. Bioqrafiyanızdan bilirik ki, siz Ağdamın İmamqulubəyli kəndində doğulmusunuz, ancaq çoxları sizin əslinizin Laçın rayonundan olduğunu deyir, bu düzdürmü?
- Bəli, belə deyənlər var (gülür). Bilirsiniz bəzən olur ki, mənə Ağdamlılar, Laçınlılar, Kəlbəcərlilər zəng vururlar və mənim haralı olmağımla bağlı mübahisələrinə son qoymaq istəyirlər. İnsanlar məni öz tərəflərinə çıxırsa, bu yaxşı haldır. Deməli, mən vətənim üçün xeyirli övlad olmuşam. Mənim atam Ağdamda doğulub, atamın babası isə əslən Laçınlı olub. Laçın da bizimkidi, Ağdam da bizimkidi, Bərdə də bizimkidi. Hamısı bizim vətənimizdi. Azərbaycanın Lənkəranı da, Qubası da, Gəncəsi də bizimdi.

- Şou-biznesdə tanınanlardan kimlərisə dinləyirsinizmi?
- Vallah, mən yaxşı musiqi nə varsa onu sevirəm, bəyənirəm və dinləyirəm. Bəziləri deyir ki, mən heç nə dinləmirəm.Amma mən bunun əleyhinəyəm. Məsələn, mən Röyanı dinləyirəm. Çünki oxumağı çox xoşuma gəlir. Real olan bir şeyi inkar eləmək mümkün deyil. Məsələn İlqar Muradovu mən necə dinləməyə bilərəm?! Amma çalışıram ki, süni yaradılmış qalmaqallardan, boş-boş deyilən sözlərdən uzaq olum. Çünki mən belə düşünürəm ki, sənətkar öz sənəti ilə gündəmdə olmalıdır. Ancaq bunu da deməliyəm ki, kim necədirsə, necə tərbiyə görübsə, onu da göstərir.

- Bəlkə elə belələrinin günü-gündən irəliləməsində televiziyalarımızın da günahı var?
- Bəli, bayalığın təbliği təəssüf doğurur. Bəzən adi bir ifaçı elə təqdim olunur ki, mat-məətəl qalırsan. Soruşan lazımdır ki, heç bu adam bilir ki, canlı musiqi nədir, oxuduğu nədir, oxuduğu hansı muğam üstündədir? Demək olmaz ki, bütün estrada müğənniləri belədir, amma təəssüf ki, çoxluğu belələri təşkil edir. Çox savadlı, çox gözəl ifa qabiliyyəti olan müğənnilərimiz də az deyil.

-Təəssüf ki, bu gün “pul müğənnilikdədir” deyib axın edənlər var bu sahəyə.
- Çox təəssüf ki, bu işə asan qazanc yolu kimi baxanların axını hiss olunur. Bəzən bizim yanımıza da gələnlər arasında olur belələri – deyir ki, mən oxuyub pul qazanmaq istəyirəm. Sadəcə, bu sənətin çətinliyini, məsuliyyətini anlamaq lazımdır.

- Musiqi yarışmaları keçirilir. Bəzən onların arasında çox istedadlı uşaqlar, gənclər olur, bəzən də olur ki, heç bir istedadı, qabiliyyəti olmayan birisi SMS-lər hesabına yuxarı pillələrə yüksəlir, hətta qalib olur. Problem nədədir?
- Muğam müsabiqələrində SMS-lə seçim edilmir. Canlı efirdə, tamaşaçıların gözü qarşısında münsif qalibi seçir. Bəzən bu cür yarışlarda utandırıcı məqamlar olur – hətta bazarda adam qalmır ki, sms üçün adı çəkilməsin. Efirin səviyyəsini qorumaq lazımdır, onun müqəddəsliyinə toxunmaq olmaz. SMS-lə keçirilən yarışmaları təqdir etmirəm. Çünki kimin pulu, dostu-tanışı varsa, o, qalib olur, kimsə də qalib olmaq üçün gedib evini satır, var-dövlətini girov qoyur. Üzeyir bəy yaxşı deyib ki, istedadlı adama kömək edin, istedadsız adam özünə bir yol tapacaq.
Biz muğam musabiqələri üçün bölgələr gedirik. Yadınızdadırsa, Elməddin var idi, biz Samuxdan gətirmişdik. O, indi mənim tələbəmdir, Heydər Əliyev Təhsil Kompleksində təhsil alır. O uşaq hazırda Prezident təqaüdü alır, bir çox ölkələri gəzib, doğrudan da onun qeyri-adi səsi var, gələcəyi var.

-Bəs olurmu ki, sizə zəng edib tapşırsınlar?
- Əlbəttə, o qədər olur. Və təbii ki, mənim bir cavabım olur: istəyirsiz, mən onun əvəzinə oxuyum?! Adam tutulur qalır. Hər kəs mövqeyimi bilir. Əgər hansısa sənət yoldaşım mənim tələbəmə mənə görə yüksək qiymət verirsə, mən özüm ona ən aşağı qiyməti mən verirəm, deyirəm ki, sən bu qiymətə layiq deyilsən.

- Tələbkar müəllimsiniz?
- Çox. O uşaq ki, zəhmətkeşdir, mənim gözümün işığıdır. O uşaq üçün nə desən, edərəm – edirəm də. Tənbəl uşağın sonu yoxdur. Mən musiqi təhsili alanda elə uşaqlar var idi ki, onların yanında oxumağa utanırdım – ancaq indi o uşaqların heç biri sənətdə yoxdu. Niyə bilirsiniz? Bu sənət çox sənətdir, hər kəs onun əziyyətinə dözmür, çox güclü iradəyə malik olmalısan. Estrada janrında bir mahnı ilə tanınmaq olur, ancaq muğamda elə deyil. O da faktdır ki, muğamda dəyərlər, yanaşmalar başqadır.

-Bu yaşınızda kifayət qədər titullarınız var – professor, xalq artisti, “Şöhrət” ordeni. Sizcə, bu fəxri adlar sənətkarlar arasında ayrı-seçkilik salmır?
- Xeyr. Çünki insan öz təbii, halal haqqını alanda ona çox xoş olur. Sənət axı yaşla ölçülmür. Elə sənətkar var ki, gənc yaşlarında 3 lent yazdırıb, bütün ömrünü də onun xatirəsi ilə keçirib. Hər şey görülən işlə ölçülür. 120 dəfə Məcnun oxumuşam. Bir tamaşadan sonra üç gün özümə gələ bilmirəm. Mikrofonsuz təkcə oxumursan, həm də fiziki hərəkətlər edirsən. Hesab edirəm ki, bizə verilən bu adlar sənətimizə verilən qiymətdir.
Mənə fəxri ad verdikdən bir həftə sonra dövlət başçısı bir tədbirdə şəxsən özü əlimi sıxdı və dedi ki, yubileyini təbrik edirəm. Bilirsiz, bu qədər işin içində prezidentimiz mənim doğum günümü unutmamışdı.Bu mənim üçün həyatımda çox qeyri-adi bir xatirə oldu. Bir müddət təbii ki, çox sevindim, lakin müəyyən bir vaxtdan sonra bütün bunlar yadımdan çıxır, çünki mən heç vaxt bu adlar üçün çalışmamışam. Bir dəfə mənə bir sual verdilər ki, cavan yaşınızda artıq bu qədər adlar almısınız, daha bundan sonra niyə oxuyursunuz? Deyirəm, axı mən bunun üçün çalışmamışam. O qədər qəlbimdə arzularım, layihələrim, görmək istədiyim səfərlərim, konsertlərim var ki hələ, heç bilmirəm onların hamısını çatdıra biləcəm, yoxsa yox. Bütün bunlar mənim üçün böyük bir etimaddır, məsuliyyətimiz bir az da artırır.

- Dolanışığınız necədi?
- Dolanışığım normaldır, deyim ki, belə cah-cəlalalın içərisində yaşayıram-yox. Şükür ki, ailəmin yanında üzüqara deyiləm. Ailəmin, övladlarımın istəklərini yerinə yetirə bilirəm. Müəlliməm, xanəndəyəm, səfərələrim olur, prezident təqaüdçüsüyəm, hərdən, toylara da gedirəm.

- Müəllim kimi çox tələbkar olduğunuzu dediniz, bəs ailədə necə?
- Mən hələ uşaqlarıma səsimi yüksəltdiyim yadıma gəlmir. Atam-anam məni necə böyüdübsə, mən də övladlarımı elə böyüdürəm. Təbii ki, azərbaycanlı adət-ənənəsi ilə... Uşaq valideynin sürətidir. Körpəlikdən gözün açıb necə görürsə, axıra qədər də elə davam edir. Mənim övladlarım bir baxışımdan başa düşürlər ki, mən nə demək istəyirəm.

- Neçə övladınız var?
- Dörd övladım var. İkisi Bakı Dövlət Universitetini qırmızı diplomla bitiriblər. Biri diplomatdır, digəri isə dövlət qulluğunda çalışır. Bir qızım isə Tibb Universitetinə yüksək balla qəbul olaraq, orda təhsil alır. Əslində, heç vaxt oxumaqlarına qarışmamışam, tapşırmamışam. Təbii ki, bir valideyn olaraq övladlarımın arxasındayam, onda qarışaram ki, onların hüquqlarını pozsunlar. Bax efirdə, həyatda məni necə görürsünüzsə, mən evimdə, ailəmdə də beləyəm.

- Məcnunla çox oxşarlığınız var dediniz, sizin də elçilərinizə yox deyilib?
- Olub, təbii ki, olub. Birdən-birə kimə “hə” deyirlər ki...(gülür)

- Məcnun kimi iradə göstərmisiniz?
- Təbii...Leylini qazanmaq üçün çox iradə göstərmişəm.

- Bəs maraqlıdır, Leyli və Məcnun kimi ciddi və faciə ilə bitən operada baş verən gülməli və yadda qalan hadisələr olubmu?
Bəli, o qədər olub, bu həm bizdən əvvəl də olub, yəni sovet dövründə, həm də bizim vaxtımızda. Bizdən əvvəl olmuş quruluşların birində belə bir hadisə olub: Deməli, Məcnun sürünə-sürünə Leylinin qəbrinin üstünə gedir, orda dünyasını dəyişir, Leylinin məzarının üzərində qalır və həmin vaxt pərdə düşməli idi. Məcnun rolunu oynayan aktyor səhnənin arxasından pərdənin düşüb-düşmədiyini soruşur. Texniki işçilərdən biri ona pərdənin düşdüyünü deyir. Bu vaxt aktyor salto vuraraq yerindən qalxır.
Mənim öz yaradıcılığımda, quruluşların birində görüş səhnəsində bir qaçdı-tutdu epizodu var idi, hansı ki, Məcnun əlində heybə çadırların arası ilə qaçıb heybəsindəki gülü Leyliyə verməli idi.. Leyliyə gül veriləsi məqamda əlimi heybəyə atdım və birdən gördüm ki, gül yoxdu. Sən demə, çadırların arasında olan qaçdı-tutdu səhnəsində gül xəbərim olmadan yerə düşübmüş.(gülür-S.D.) Bir anlıq beynimdə fikirləşdim və təcrübə köməyimə gəldi - Leylinin başına bir-iki dəfə fırlanmaqla vəziyyətdən çıxa bildim və onu heç kim hiss eləmədi.

- Şövkət Ələkbərova qarşınıza çıxmasaydı, siz indi harda olardınız?
- Yəqin ki, elə yenə də bu sənətdə olardım, xanəndə olardım. Amma operaya çox böyük məhəbbətim var idi. Atalarımızın bir gözəl sözü var - niyyətin hara mənzilin ora. Bax, mənim niyyətim, arzum elə əvvəlcədən opera olub. Mən ağlım kəsəndən böyük səhnələri, orkestrləri arzulamışam. Amma elə adam var ki, deyir mən tanınım, gedim toylara pul qazanım. 120 dəfə Məcnun kimi səhnəyə çıxmışam, ancaq mən də gedib eleə toylarda pul qazana bilərdim...

- Amma bu da reallıqdır ki, indiki müğənnilərin qazanc yeri toydur.
- Təbii ki, mən buna pis baxmıram və həmin insanları heç qınamıram. Bu tarixən belə olub, olacaq da. Tarixən bizim ən gözəl sənətkarlarımız elə toylarda yetişiblər. Xan əmi, Cabbar Qaryağdıoğlu , Seyid Şuşinski və digər qaymaq xanəndələrimiz vaxti ilə toylarımızın bəzəyi olublar. Mən özüm də arabir yarım saatlıq proqramla toylara gedirəm. O yerdə ki, sənətimizə və muğama hörmət var, mən də orda olmaqdan məmnunam.

- Yaxın vaxtlarda tamaşaçları konsert gözləyirmi?
- Qarşıda yeni layihələrimiz, səfərlərimiz var. Mayın 19-da ulu öndərimiz Heydər Əliyevin yubilleyi ilə əlaqədar olaraq Tacikistanda Düşənbə Opera teatrının səhnəsində Nəzakət Teymurova ilə Leyli Məcnun əsərini ifa edəcəyik. May ayının 24-dən sonra isə Lüksemburqa səfərimiz olacaq. Simfomuğam layihəmizi orda etməyi planlaşdırırıq. Yalçın Adıgözəlov, Elçin Həşimov, Elnur Əhmədov da mənimlə birgə bu layihədə çalışacaqlar.

Səbinə Dəniz
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti