Milli (y)adqoymanın alt qatı

Milli (y)adqoymanın alt qatı
  06 Yanvar 2015    Oxunub:5820
Vüsal Məmmədov

- Sənin adın nədir?
- Butç.
- Mənası nədir bu adın?
- Biz amerikalıyıq, əzizim. Bizim adların heç bir mənası olmur.

(`Kriminal Qiraət` filmindən)

Uşağa ad seçərkən dövrəyə girən zehniyyət mənə həmişə maraqlı olub. Çünki övladına ad qoyan insan bununla həm özünün dünyagörüşünü ortaya qoyur, həm də uşağın gələcək kimliyini müəyyənləşdirir. Çünki hər bir ad həm də müəyyən psixi enerji ilə yüklüdür.


Əgər adın `magiyasına` desəm, yekə çıxar, amma adın şüura və demək, dolayısı ilə insanın həyatına təsirinə inanmaq lazımdır. Buradan isə daha böyük mətləblərə yol açılır. Qadın adı olan `Mersedes`i (`Mərhəmətli` deməkdir) maşına qoymaq olar, amma `Fatmanisə`ni qoymaq olmaz. Təsəvvür edin: `Fatmanisə S-Klass`. Alınmır. Həm də buna görə `Mersedes`i yaradacaq zehniyyət müsəlman ölkələrində olmayıb, yoxdur. Dünyada Məhəmməd və Əli adları ilə məşhurlaşan bircə şəxs var: Məhəmməd Əli, o da boksçudur – nə qədər simvolik!

Çox vacib bir nüans: Müsəlman cəmiyyətlərində atanı uşağa, uşağı ataya görə tanıyırlar: Əbu Bəkir – Bəkirin atası; bint Cahş – Cahşın qızı, ibn Feysəl – Feysəlin oğlu... Burası lap tragikomediyadır: Əli ibn Əbu Talib – yəni Talibin atasının oğlu olan Əli. Məşhur tapmaca-lətifəyə oxşadı: `atamın oğludur, amma mən deyiləm`.

Bu adlar onu göstərir ki, müsəlman cəmiyyətlərində insanlar mütləq kiminsə kimsəsi kimi qəbul olunurlar, müstəqil fərd kimi yox. Sənin özünün nə etməyinin, kim olmağının, hansı uğurlar qazanmağının heç bir əhəmiyyəti yoxdur. Ya atanın, ya da övladının adı ilə tanınacaqsan. Çünki sən ayrıca şəxs olaraq yoxsan, mütləq kiminsə qohumu rolunda varsan. Bu cür adqoyma sistemi təbii ki, insanın bütün motivasiyasını məhv edir.

Məsələn, qədim türk toplumlarında insanlara etdikləri əməllərə görə ad verilməsi daha doğru bir sistem idi. Ən azından belə yanaşma olan yerdə insan özü özünü təmsil edirdi, atasını, oğlunu-qızını yox. Üstəlik, `yaxşı ad qazanmaq` ifadəsi sözün birbaşa mənasında işlədilirdi.

Nə demək istədiyim, yəqin, aydındır: ad elə olmalıdır ki, insanda motivasiya yaratsın, şüurunu düzgün kodlaşdırsın. Azərbaycanda həddindən artıq çox qoyulan Məhəmməd, Əli, Zəhra, Yusif, Fatimə, Hüseyn kimi adlar insanı hələ doğulmamışdan müəyyən ideologiyaya, xəttə pərçimləyir. Psixoloji baxımdan bu adların heç bir energetikası yoxdur, onlar ölü adlardır. Nə sahiblərinə, nə də onların ətrafındakı insanlara heç bir pozitiv enerji vermirlər. 6-9-cu əsrlərdə ərəb səhrasında baş verən proseslərin hər dəfə yenidən xatırladılmasından savayı heç nəyə xidmət etmirlər. Bu baxımdan, məsələn, “Sevinc” adı “Zəhra”dan milyon dəfə gözəl və pozitivdir.

Məni düz başa düşün – adların insan və cəmiyyətin həyatına birbaşa təsiri olduğunu demirəm, belə şey heç yoxdur da. Yəni adı `Qalib` olan adamın mütləq kiməsə/nəyəsə qalib gələcəyi deyilmir. Söhbət ondan gedir ki, bu adlar həm də minlərlə dəfə təkrarlanan sözlərdir, hər bir söz isə insan şurunu müəyyən motivlərə kodlaşdırmağa qadirdir. Burasını NLP ustadları daha yaxşı bilərlər. Əlilərdən, məhəmmədlərdən, hüseynlərdən, zəhralardan ibarət cəmiyyətin şən, pozitiv, proqressiv ola biləcəyinə mən inanmıram. Çünki bu adlar başqa energetika ilə yüklüdür.

Məsələn, qədim türklərdə təbiətlə bağlı adlar çox idi. Bu, həmin toplumda insan-təbiət harmoniyasını yaradırdı. Sonra onlar yerini din mənşəli adlara verdi. Daha sonra Azərbaycanda ad qoyma mədəniyyəti bir neçə dəfə müxtəlif təsirlərə düşsə də, dini xətt həmişə qaldı.

Məncə, Azərbaycanda uşaqlara ad qoymaq sahəsində ciddi dəyişiklik etməyin vaxtıdır. Pozitiv, enerjili, müsbət auraya kökləyən adlar tapılmalı və qoyulmalıdır. İnanmaya bilərsiniz, amma əminəm ki, bu amilin də cəmiyyətin həyatına təsiri var. Heç nədən çəkinmək lazım deyil: qoy, İgiday, Sezay kimi qeyri-adi adlar da çoxalsın. Bircə, “ay” kəlməsinin bizim adlarda həddindən artıq olmasını da nəzərə alın.


Teqlər:  





Xəbər lenti