“Həsən Həsənovu vəhşicəsinə öldürdülər” - Nazir

“Həsən Həsənovu vəhşicəsinə öldürdülər” - Nazir
  26 Dekabr 2014    Oxunub:3406
Ermənistan və Azərbaycan Prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçi, ABŞ dövlət katibi ConKerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uels və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərində münaqişənin həllinə dair müsbət meyllər müşahidə olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov 2014-cü ilin yekunları ilə əlaqədar kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə deyib.

O, Böyük Sülh Sazişi ilə bağlı suala cavabında bildirib ki, Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. Dekabrın 4-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırmışlar. Azərbaycan sülh sazişi üzərində işləməyə hazır olduğunu qəti şəkildə bəyan edib.

Amma münaqişənin həlli istiqamətində müsbət meyllərin olduğunu görən Ermənistan danışıqlara xələl gətirmək və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribata üz tutmuşdur. İyul ayında təmas xəttində baş verən hadisə, Prezidentlərin Paris görüşündən sonra böyük sayda canlı qüvvə və hərbi texnika ilə Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimin keçirilməsi Ermənistan tərəfindən təxribata hesablanmış addımlar idi.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyətinin həssas hisslərinə toxunmaq üçün eləcə də öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev zorakı yolla girov götürülüb, onların üzərində qurama məhkəmə təşkil edilib və digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə öldürülüb. Atəşkəs rejiminin Ermənistan tərəfindən intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhəddi boyunca mülki əhalinin hədəfə alınması, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi kimi təxribatçı addımlar da davam etdirilib.

E.Məmmədyarov söyləyib ki, Azərbaycana qarşı törədilmiş işğal və təcavüz və qanlı etnik təmizləmə əməllərinə görə beynəlxalq hüquq və BMT nizamnaməsi əsasında Ermənistan təcavüzkar dövlət kimi bütün meyarlar üzrə sanksiyaların tətbiq edilməli olduğu ölkədir: "Təəssüf ki, Ermənistana münasibətdə indiyə qədər bu kimi tədbirlər görülməmişdir. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, onun Azərbaycana qarşı işğal və təcavüzü bu həddə çatmazdı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşməzdi. Danışıqlar prosesində Ermənistanın bəhanə və təxribatlarına son qoyması və konstruktiv mövqe tutması və nəhayət, sülh sazişi üzərində işə başlaması üçün ATƏT-in Minsk Qrupu tərəfindən lazımı praktiki tədbirlər görülməli və o cümlədən, Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir."

XİN rəhbəri deyib: "Münaqişənin həll edilməməsi regional sülh və təhlükəsizlik üçün ən böyük təhdiddir və buna görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. "


Teqlər:





Xəbər lenti