“Amnistiyanın fəlsəfəsi insanlara şans verməkdir”

“Amnistiyanın fəlsəfəsi insanlara şans verməkdir”
  08 May 2013    Oxunub:1404
Dünən Milli Məclisdə Heydər Əliyev Fondunun sayca üçüncü təşəbbüssü ilə amnistiya aktı qəbul edildi. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı hazırda cəmiyyətin diqqətində olan ən əsas mövzulardan biridir.
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Ülvi Mehdiyev bununla bağlı fikirlərini AzVision.az ilə bölüşür:


- Doğru olaraq qeyd etdiniz ki, bu, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə üçüncü amnistiya aktıdır. Bundan daha əvvəl 2007-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və 2009-cu ildə Novruz bayramı münasibəti ilə amnistiya aktları qəbul edilmişdi.

Ümumiyyətlə, amnistiya bir bağışlanma aktıdır və onun fəlsəfəsi insanları törətdiyi səhvlərinə görə bağışlamaqla yenidən cəmiyyətə inteqrasiya edilməsi və səhvlərini dərk edərək ailəsinə, cəmiyyətə və dövlətə bağlı vətəndaşa çevrilməsi imkanının tanınmasıdır.

Amnistiya aktının ümummilli lider Heydər Əliyevin 90 illlik yubileyi ərəfəsində qəbul edilməsi və onun xatirəsinə həsr olunması tamamilə məntiqi və ədalətli addımdır.
Çünki Heydər Əliyev hər zaman özünün insanpərvərliyi və humanizmi ilə seçilib. Ümummilli lider Şərqdə ilk dəfə tarixi bir qərarın - 1998-ci ildə ölüm hökmünün ləğvinin təşəbbüskarı olub. Məramı dünyəvi, hüquqi dövlət qurmaq olan Azərbaycanda hər kəsin təbii və ayrılmaz xarakter daşıyan yaşamaq hüququna malik olduğunu qeyd edən, ölüm hökmünün insan ləyaqətinə zidd və demokratik cəmiyyətdə qeyri-insani, amansız tədbir kimi qiymətləndirən Heydər Əliyev insanın həyatdan məhrum edilməsini yolverilməz hesab edirdi.

Həyatda istənilən şəxsin səhvlər edə bilməsi, lakin onların səhvlərini dərk və etiraf edərək peşmançılıq hissi keçirməsinə, haqq və ədalət yoluna qayıtmaq şansının olmasına və mərhəmət hissinin cəmiyyəti xilas edəcəyinə inanan Heydər Əliyev əfv və amnistiya institutlarını bərpa etmişdi. Ümummilli lider dəfələrlə əfv təşəbbüsü ilə çıxış etmiş, amnistiya aktlarının qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmişdi. 1995-ci ildən bu günədək amnistiya aktları 96 mindən artıq şəxsə şamil olunub. Həmin qərarlar xalq tərəfindən hər zaman minnətdarlıq hissi ilə qarşılanıb.

Qeyd etmək lazımdır ki, amnistiya tətbiq edilərkən bu aktın cəmiyyətdə doğura biləcəyi nəticələr, onun qəbul edilməsini zəruri edən şərait, cinayətkarlığın vəziyyəti, iqtisadi səmərəsi təhlil edilir. Bu baxımdan ölkəmizdəki ictimai-siyasi sabitlik, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, kriminogen vəziyyətin sabitliyi, iqtisadi durumun yüksək olması amnistiyanı şərtləndirən amillərdəndir.

Məhz bu səbəblərdən dahi lider Heydər Əliyevin milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun bu təşəbbüsü cəmiyyətimizdə yüksək qiymətləndirilir.

- Bu amnistiya aktının əsas xüsusiyyətləri nədən ibarətdir və bundan əvvəlki amnistiyalarla nə ilə fərqlənir?
- Amnistiya aktına əsasən cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə, onlar cəzadan azad olunacaqlar.

Aparılan təhlillərə əsasən təqribən 9.000 şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 2.000-dən artıq məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.

Amnistiya aktını təhlil edərkən şahidi oluruq ki, bu amnisitiya aktının tətbiqi ilə bağlı təcrübədə yarana biləcək bütün mümkün hüquqi və praktiki sualların əvvəlcədən Qərarın özündə həll edilməsi qarşıya məqsəd olaraq qoyulmuş, bu məqsədlə aktın hüquqi qüvvəsindən irəli gələn və təcrübədə aktın düzgün tətbiqini təmin edəcək müddəalar konkretləşdirilərək, ilk dəfə “Amnistiya aktının hüquqi qüvvəsi” adlı ayrıca bölmədə təsbit edilmişdir.

Əvvəlki amnistiya aktlarından fərqli olaraq cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin konkret məhdudiyyətlər müəyyən edilmədən cəzadan azad edilməsi nəzərdə tutulmuşdur. Belə bir müddəa ehtiyatsızlıqdan cinayət törətməyə görə hökmlə, habelə cəzaçəkdiyi müddət ərzində davranışı ilə islah yoluna qədəm qoyduğunu sübuta yetirdiyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş şəxslərə digər məhkumlarla münasibətdə əsaslı olaraq daha geniş həcmdə amnistiyanın tətbiqinə imkan verir.

Burada azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkilməsi təxirə salınmış şəxslərin konkret məhdudiyyətlər müəyyən edilmədən cəzadan azad edilməsi nəzərdə tutulmuşdur. Bu müddəa cəza təyin edilərkən nəzərə alınan cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları və s. qanunla müəyyən edilmiş hallara uyğun olaraq amnistiyanın tətbiqində daha ədalətli differensasiyaya imkan verir.

Əvvəlki amnistiya ilə müqayisədə cərimə cəzası 1000 manat deyil, 2000 manatadək olan şəxslər konkret məhdudiyyətlər müəyyən edilmədən cərimə cəzasından azad edilir.

Bundan əlavə, amnistiya aktında cinayətin xarakter və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq Qərarda müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının altı aydan artıq olmayan çəkilməmiş hissəsindən azad olunması, həmin şəxslərin cəzalarının çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəzanın altı ay azaldılması nəzərdə tutulmuşdur. Bu müddəa ağır və xüsusilə ağır, habelə ictimai təhlükəlilik dərəcəsinin yüksək olduğu bəzi digər cinayət əməllərinə görə məhkum edilmiş şəxslər istisna olmaqla, onların cəzalarının eyni dərəcədə adekvat azaldılmasını təmin edəcək.

Həmçinin, bu amnistiya aktında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq, cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri olan tədbirlər görülməsi amnistiyanın tətbiqi ilə əlaqədar cəzadan azad etmə zamanı da vəzifə kimi müəyyən edilib.

- Bu amnistiya kimlərə şamil olunmayacaq. Konkret hansı kateqoriya şəxslərə məhdudiyyətlər quyulub?
- Amnistiya aktının 5-ci və 6-cı bəndlərində amnistiyanın tətbiqinə dair konkret məhdudiyyətlər nəzərdə tutulub. Həmin bəndlərə nəzər saldıqda görürük ki, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanuna uyğun olaraq 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslərə, eləcə də ağır və xüsusilə ağır və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş, eyni zamanda cəmiyyət tərəfindən ciddi ictimai qınaq yaradan və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziyan vuran bəzi az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə amnistiya şamil olunmur.

Həmçinin, maddi ziyanı tam ödəməmiş, əvvəllər amnistiya və ya əfvetmə aktları ilə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş, cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslərə də bu amnistiya aktı tətbiq edilməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti