Elmar Məmmədyarov həmkarı ilə görüşdü

Elmar Məmmədyarov həmkarı ilə görüşdü
  06 May 2013    Oxunub:1133
Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri ilə görüşüb.
Cari ilin 6 may tarixində xarici işlər naziri Elmar Məmmədyarov Şri Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gamini Lakşman Peiris ilə görüş keçirib.

Şri Lankanın xarici işlər naziri Azərbaycan nümayəndə heyətini salamlayıb və Azərbaycan xarici işlər nazirini Şri Lankada görməkdən məmnun olduğunu bildirib.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Gamini Lakşman Peiris bu münasibətlərin iqtisadi, ticarət, investisiyalar, enerji və turizm sahələrini də əhatə etməsinin əhəmiyyətini vurğulayıb.

Şri Lankanın xarici işlər naziri Azərbaycanı regionun iqtisadi inkişafına nail olmuş ölkə kimi səciyyələndirmiş, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini onun artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov qəbula görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Nazir Şri Lankanın çay istehsalı sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.

Nazir, həmçinin, mədəniyyət, enerji, turizm, dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün imkanların olduğunu nəzərə çatdırıb.

Şri Lankalı rəsmi də öz növbəsində Azərbaycanın enerji sahəsində tarixi ənənələrinin və zəngin təcrübəsinin olduğunu nəzərə alaraq, bu istiqamətdə iki ölkənin əməkdaşlığı üçün geniş imkanların olduğunu qeyd edib.

Elmar Məmmədyarov müharibədən sonra Şri Lankanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirib və həmsöhbətinin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək, Ermənistanın öz işğalçı siyasəti ilə regionda gedən inkişaf proseslərindən təcrid etdiyini, bu ölkənin təcavüzkar və işğalçı siyasətindən əl çəkəcəyi təqdirdə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə baş tutan regional inkişaf proseslərindən faydalana biləcəyini qeyd edib.

Görüşdə, həmçinin, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Şri Lanka Demokratik Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair protokol imzalanıb.


Teqlər:  





Xəbər lenti