"Heydər Əliyev Kuboku" qazanıldı- FOTO

"Heydər Əliyev Kuboku" qazanıldı- FOTO
  05 May 2013    Oxunub:1439
Dünən Moskvada "Lujniki" stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) mini-futbol üzrə "Heydər Əliyev Kuboku" turniri keçirilib.
Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilib. Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunub. Builki turnirdə 32 komanda - RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak edib. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçirib. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxıb. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olub.

Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirib və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik edib. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim edib.
Turnirin qalibi və "Heydər Əliyev Kuboku"nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olub. İkinci yeri və müvafiq olaraq "gümüş" mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanıb. Yarımfinal oyunlarının yekunlarına görə, Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülüblər.

Turnirin "Ən yaxşı qapıçısı" nominasiyasında mükafatı MDHİİ-nin tələbəsi Vladimir Zakolodin qazanıb. "Ən yaxşı bombardir" RDBTİGTU-nun tələbəsi Denis Bazovoy olub. "Ən yaxşı oyunçu" adına isə RDBTİGTU-nun tələbəsi Yuri Kerşner layiq görülüb.
Turnirin oyunlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri izləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti