“Azərbaycan yüksək yerlərdədir”

“Azərbaycan yüksək yerlərdədir”
  02 May 2013    Oxunub:1040
AzVision.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu sözləri Qobustan İdman Kompleksinin açılışındakı çıxışı zamanı işlədib.
Prezident bildirib ki, ən böyük idman yarışı olan Olimpiya Oyunlarında Azərbaycan yüksək yerlərdədir: «Keçən il keçirilmiş Olimpiadada idmançılarımız 10 medal qazanıblar, - bu, tarixi bir nailiyyət idi, - və dünya miqyasında 30-cu yerə layiq görülüblər. Avropada isə 15-ci yeri tutmuşuq.

Bəlkə də buna görə və əlbəttə, başqa amillər burada öz rolunu oynayıb ki, birinci oyunlar Avropa Oyunları, 2015-ci ildə Azərbaycanda keçiriləcək. Bax bu günlərdə Avropa Olimpiya Komitəsinin bütün rəhbərliyi Bakıdadır, görüşlər, təqdimatlar keçirilir. Artıq Avropa Olimpiya Komitəsi Koordinasiya Komitəsi yaradıb ki, Azərbaycanla bərabər Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə görsün. Yəni, biz idman ölkəsiyik və əlbəttə bütün bölgələrdə, bütün şəhərlərdə idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmalıdır.

Biz 2000-ci ildən bu proqramı başlamışıq və o vaxtdan bu günə qədər 35 idman mərkəzi, Olimpiya mərkəzi tikilib, bu mərkəz 36-cıdır. Qobustanın inkişafı üçün bu mərkəzin ümumiyyətlə böyük əhəmiyyəti vardır. Yaxınlıqda Gənclər Mərkəzi yerləşir. Bu da son illər ərzində bütün ölkəmizdə geniş vüsət almış bir təşəbbüsdür. Hər şəhərdə Gənclər Mərkəzləri yaradılır. Onların çox gözəl imkanları vardır, funksional cəhətdən də çox əhəmiyyətlidir ki, gənclər burada öz asudə vaxtlarını mənalı şəkildə keçirsinlər. Beləliklə, həm idman, həm gənclər siyasəti Azərbaycanda çox uğurla inkişaf edir».

Prezident Qobustan rayonunun qarşısında duran digər vəzifələrdən də danışıb: «Rayonda qazlaşdırma proqramı aparılır və artıq 70 faiz qazlaşdırma təmin edilib, 100 faiz olmalıdır. Dağ kəndlərinə də qaz xətləri çəkilməlidir. Su layihələri icra edilir. Bu yaxınlarda kanalizasiya layihəsinin icrasına başlanacaqdır. İnfrastruktur layihələrinin icrası prioritetdir. Kənd yolları təmir edilir. Vaxtilə rayon sakinləri müraciət etmişdilər. Vəsait ayrıldı, indi bir neçə kəndi birləşdirən yol istifadəyə verilib. O kəndlərdə 13 minə qədər əhali yaşayır. Digər kəndlərə də yollar çəkiləcək. Bütün bu məsələlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulur. Bu da çox vacib məsələdir. İndi hər bir yerdə kənd yollarına böyük vəsait ayrılır ki, biz bu məsələni də həll edək. Ümid edirəm ki, yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə veriləcək. Bu yollar əlbəttə ki, ölkəmizin ümumi inkişafına təkan verəcək.

Əlbəttə, kənd yollarının tikintisi mühüm sosial məna daşıyır. Çünki vətəndaşlar normal şəraitdə yaşamalıdırlar. Yəni, Qobustanda demək olar ki, bütün infrastruktur layihələri icra edilir.
Keçən dəfə burada olarkən biz elektrik stansiyasının açılışını qeyd etmişdik. Bu stansiya nəinki Azərbaycanda, bütün bölgədə bərpa olunan enerji istehsal edən birinci hibrid stansiyadır. Orada həm külək, həm günəş qurğuları ilə elektrik enerjisi istehsal olunur. Ümid edirəm ki, gələcəkdə Qobustan rayonunun enerjiyə olan bütün tələbatını bərpa olunan enerji növləri təmin edəcəkdir. Bu, bir pilot layihədir. Əminəm ki, bu layihə uğurlu olacaq və gələcəkdə biz bu təcrübəni başqa rayonlarda da tətbiq edəcəyik».

Przident İlham Əliyev Qobustanın problemlərinə də toxunub: «Bilirəm ki, problemlər də var. O problemlər tədricən öz həllini tapır. Məktəblər tikilir, ancaq hələ də qəzalı vəziyyətdə olan məktəblər vardır və onlar da təmir olunmalıdır. Biz mərkəzi rayon xəstəxanasının layihəsinə gərək yenidən baxaq. Çünki vaxtilə qəsəbə xəstəxanası kimi tikilib. Bu məsələyə də baxılacaq. Digər kəndlərə gedən yolların tikintisi üçün əlavə vəsait ayrılacaq. Yəni, bütün bu işlər nəzərdə tutulur. Nəzərdə tutulmayan işləri biz Dövlət Proqramına əlavə edəcəyik ki, Qobustanın bütün infrastruktur və sosial məsələləri öz həllini tapsın. İşin gedişatı onu göstərir ki, biz buna nail olacağıq. Çünki ölkə üzrə hər bir yerdə, hər bir şəhərdə quruculuq-abadlıq işləri, böyük layihələr icra olunur».

Dövlət başçısı Azərbaycandakı inkişaf templərinin dünya miqyasında ən yüksək olduğunu vurğulayıb: «Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməyib. Çünki bizim çox düşünülmüş siyasətimiz var. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz var. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu.

Biz əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya edirik və etmişik. Bazar iqtisadiyyatını tam şəkildə tətbiq etmişik. İqtisadi sahədə bizim tam müstəqil siyasətimiz vardır. Bu siyasət özünü həm iqtisadi islahatlarda göstərir, eyni zamanda, maliyyə-kredit siyasətimiz də tam müstəqildir, milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox ölkələrində milli valyuta devalvasiyaya uğramışdır, yəni, qiymətdən düşmüşdür və insanlar bundan böyük əziyyət çəkiblər. Ancaq Azərbaycanda manatın məzənnəsi gündən-günə güclənir və indi 1 manat 1 avroya bərabərdir. Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda var. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar vardır və qəbul edilib. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq».


Teqlər:  





Xəbər lenti