İnternetdə təhqir edən cərimə ödəyəcək

İnternetdə təhqir edən cərimə ödəyəcək
  30 Aprel 2013    Oxunub:1391
Azərbaycanda internetdə təhqir və böhtana görə cəza tətbiq olunacaq
Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur.

Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(apa)


Teqlər:





Xəbər lenti