Heydər Əliyevin xatirəsinə ağac əkdilər - FOTOLAR

  29 Aprel 2013    Oxunub : 472
Heydər Əliyevin xatirəsinə ağac əkdilər - FOTOLAR
Elşad İskəndərov: “Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir”
Dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, komitə tərəfindən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə "Tolerantlıq Mərkəzi"nin təşəbbüs layihəsi çərçivəsində Sumqayıtda müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada Dövlət Komitəsinin rəhbərliyi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də iştirak edib.

Tədbirdə çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmət münasibətlərinin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların ümummilli lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.

Dövlət Komitəsinin sədri ölkəmizdəki mövcud tolerantlıq barədə ətraflı danışıb və tolerantlığın dinlərarası münasibətlərin önündə olduğunu bildirib.

"Bu gün burada həm müsəlman, həm yəhudi, həm də xristian dini icmalarının nümayəndələri var. Onlar bir yerdə ağacəkmə aksiyası keçirirlər. Bu cür bir aksiya dünya praktikasında demək olar ki, yalnız Azərbaycana məxsusdur. Eyni zamanda, bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir," - İskəndərov deyib.

Daha sonra ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində əkilməsi nəzərdə tutulan 9 min ağacdan 1000-i əkilib.

Mirvari

Foto


Teqlər: