Cənubi Koreyada meşə yanğınları güclənir: Ölənlər var

Cənubi Koreyada meşə yanğınları güclənir: Ölənlər var
  23 Mart 2025    Oxunub:1114
Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Ümumilikdə 3286 hektar ərazinin külə döndüyü bildirilir. Azı 1500 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.
Ölkənin Cənubi Gyeongsang əyalətində cümə günü başlayan, quru hava və küləyin təsiri ilə geniş əraziyə yayılan meşə yanğınlarının qurbanlarının sayı getdikcə artır. Ölkənin Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Qərargahından verilən açıqlamaya görə, biri yanğınsöndürən olmaqla daha 2 nəfər ölüb. Beləliklə ölənlərin sayı 4-ə yüksəlib.

Həmçinin bildirilir ki, 5-i ağır olmaqla 6 yanğınsöndürən yaralanıb, azı 1500 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib. Ümumilikdə 3 286 hektar ərazini külə çevirən yanğınların 39 tikiliyə ziyan vurduğu qeyd edilir. Hazırda Sancheong, Uiseong, Ulju və Gimhae bölgələrində havadan və qurudan yanğınsöndürmə işləri davam edir. Buna baxmayaraq yanğın getdikcə güclənir.

Qeyd edək ki, yanğınlar sürətlə 20 müxtəlif bölgəyə yayılıb. İlkin məlumata görə, yanğın zamanı iki yanğınsöndürən həlak olub. Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyi Cənubi Gyeongsang və Şimali Gyeongsang əyalətlərində və Ulsan şəhərində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Müvəqqəti prezident Çoi Sanq-mok yanğınların söndürülməsi üçün bütün vasitələrin səfərbər edilməsini əmr edib.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti