ABŞ yeni nüvə bombası istehsal edəcək

   ABŞ yeni nüvə bombası istehsal edəcək
  08 May 2025    Oxunub:409
ABŞ may ayında ən yeni “B61-13” termonüvə bombalarının istehsalına başlamaq niyyətindədir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Energetika nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri vəzifəsini icra edən Tereza Robbins belə deyib.

“NNSA “B61-13” nüvə bombasının ilk seriyasının may ayında, yəni planlaşdırıldığında təqribən bir il əvvəl təhvil verilməsini gözləyir”, - xanım Robbins Nümayəndələr Palatasının Silahlı qüvvələr Komitəsinin dinləmələrində bildirib.

Onun sözlərinə görə, “W88 Alteration 370” proqramı (Trident II ballistik raketi üçün sualtı qayıqdan buraxılan nüvə başlığının təkmilləşdirilməsi) Hərbi Dəniz qüvvələrinin tədarük cədvəlinin tam yerinə yetirilməsi qrafikinə uyğun olaraq qalıb və 2025-ci maliyyə ilinin sonuna qədər istehsalını tamamlamaq yolundadır.

Tramp nüvə silahı istehsalının əleyhinədir
“B61-13” nüvə döyüş başlıqlarının istehsalı ilə bağlı qərar Co Bayden administrasiyası tərəfindən 2023-cü ildə verilib. Bu addım bütün dünyada nüvə silahlarının daha da azaldılmasını dəstəkləyən bir çox amerikalı və xarici ekspertlər tərəfindən tənqid olunub.

Xatırladaq ki, fevral ayının ortalarında Ağ Evdə jurnalistlərlə görüşündə ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni döyüş başlıqlarının yaradılması xərcləri ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu vurğulayıb.

Bununla belə, aprel ayında “B61-13” adlı yeni nüvə başlığının istehsalının hazırlıq mərhələsinin sürətləndirilmiş şəkildə həyata keçirildiyi və onların ilk seriyasının qoşunlara vaxtından yeddi ay əvvəl çatdırılacağı bildirilib. ABŞ Hərbi Hava qüvvələri, həmçinin 1945-ci ilin avqustunda Yaponiyaya nüvə bombalarının atıldığı aviabazanı yenidən bərpa edir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   atom   bomba  





Xəbər lenti